Azərbaycan, Bakı, 21 noyabr / TrendCap , müxbir N.İsmayılova/ Regionda ilk dəfə olaraq
Azərbaycan Beynəxalq Bankının (ABB) Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) nümayəndəliyinin ofisi fəaliyyətə başlayıb, - bankın mətbuat xidmətindən bildiriblər.
Bu günlərdə Dubayda ABB-nin BƏƏ-dəki nümayəndəliyinin açılış mərasimi keçirilib.
Tədbirdə BƏƏ hökuməti, səfirliklər, beynəlxalq təşkilatlar və maliyyə qurumlarının nümayəndələri, eyni zamanda ABB-nin İdarə Heyətinin sədri C.Hacıyevin başçılığı ilə bankın rəhbər heyəti iştirak edib.
Azərbaycan Beynəxalq Bankı xarici banklar arasında ilk dəfə öz nümayəndəliyini Dubayın müstəqil iqtisadi zonasında deyil, ümumi bazarında açıb. Bu üstünlük nümayəndəliyə şəraitdən maksimum yararlanmağa və çoxsahəli layihələrin maliyyələşdirilməsində təşkilatçı kimi çıxış etməyə imkan yaradacaq. Gələcəkdə ABB Dubay nümayəndəliyini tamdəyərli törəmə banka çevirməyi planlaşdırır.
Bankın iki - Londondakı (2002), Frankfurt-Mayndakı (2005) ofislərinə 2008-ci ilin əvvəlində Lüksemburq nümayəndəliyi də qoşulub. Cari il iyulun 31-də da ABB Azərbaycan banklarının arasında ilk olaraq Nyu-York ofisinin açılışı üçün ABŞ Federal Ehtiyatlar Sisteminin Direktorlar Şurasından razılıq əldə edib.
Hazırda ABB Qətər dövlətinin beynəlxalq maliyyə zonasında törəmə bankının açılışı ilə əlaqədar hazırlıq işləri aparır. Böyük ehtimalla, fəaliyyət üçün lisenziya 2009-cu ildə əldə ediləcək. Qətərdəki törəmə bankı ABB Maliyyə Qrupunun xaricdə sayca üçüncü bankı olacaq. İlk törəmə bank - "ABB-Moskva" 2002-ci ildə fəaliyyətə başlayıb. İndi bu bank artıq 12 ofis, Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində filial və şöbələrə malik olan əsaslı maliyyə institutudur. 2006-cı ilin noyabrında ABB Azərbaycan hüdudlarından kənarda ikinci bankını - "ABB-Gürcüstan" törəmə bankını təsis edib.
Müəlliflə əlaqə ünvanı: cap