Qazaxıstan, Astana, 02 fevral/ Trend , müxbir K.Konırova/ Qazaxıstan Milli Bankının keçmiş rəhbəri Ənvər Saydenov bankın İdarə Heyətinin sədr müşaviri təyin edilib, "Samruk - Kazına" MRF" SC-nin İdarə Heyətinin sədr müavini Arman Dunayev isə bankın Direktorlar Şurasının üzvü qəbul edilib. Bu barədə bazar ertəsi "BTA Bank"ın mətbuat xidməti məlumat verib.
Bu gün hökumətin iclasında Nazirlər Kabinetinin rəhbəri Kərim Məsimov "BTA Bank"ın Direktorlar Şurasının sədri Muxtar Ablyazovun vəzifəsindən kənarlaşdrıldığını bildirib.
Elə bu gün iclasda bildirilib ki, Qazaxıstan hökuməti "Samruk-Kazına" MRF Səhmdar Cəmiyyəti tərəfindən 251,3 mlrd. təngəyə BTA-nın emissiya səhmlərinin 78,14-dən artıq faizinin əldə edilməsi yolu ilə "BTA Bank" SC-ni kapitallaşdırılması barədə qərar qəbul edib.
Hökumət, səhmlərinin 76 faizini simvolik məbləğə -100 təngəyə almaqla "Alyans Bank" SC-ni milliləşdirmək niyyətindədir.
Bu halda, iki Qazaxıstan bankı - "BTA Bank" və "Alyans Bank" dövlətə verilmiş olur.
"Bu gün hökumət "BTA Bank" və "Alyans Bank"ın dövlətin nəzarətinə keçməsi barədə qərar qəbul edib, hazırda bu proses gedir. Biz Direktorların Şurasını keçirdik, orada menecment dəyişikliyi, səhmdar dəyişikliyi baş verdi və dəyişiklik qüvvəyə mindi", -deyə Məsimov bildirib.