Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir S.Babayeva/ Azərbaycanda qızılın sənaye hasilatı 2009-cu ilin ortalarında başlaya bilər, - çərşənbə günü CIBC-yə (Caspian Integration Business Club) üzv şirkətlərlə görüşdə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. Qızıl ehtiyatları bir neçə yüz tona çatır.
"Real ehtiyatlar daha çox ola bilər. Geoloji-kəşfiyyat işləri davam etdirildiyindən yaxın zamanlarda biz hesablamalarımızın həqiqiliyini müəyyən edəcəyik", - Bağırov bildirib.
Nazirin sözlərinə görə, Azırbaycanda qızıl hasilatı daxili bazar qiymətlərinə təsir etməyəcək.
Bir müddət əvvəl, Azərbaycanda qızıl və misin hasilatı üzrə layihələri həyata keçirən Anglo Asian Mining PLC şirkəti, bu ilin aprel ayının ortalarında "Gədəbəy" yatağından qızıl hasilatına başlayacağını bildirmişdi. Zavodda tikinti işləri artıq sona çatıb.
Anglo Asian Mining PLC şirkəti 1997-ci ilin avqustunda Azərbaycan höküməti ilə imzalanmış müqaviləyə əsasən Azərbaycanın cənub-qərbindəki altı yataqda - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Soyutluda işləmək hüququna malikdir.