Azərbaycan, Bakı, 07 may / Trend /
Azərbaycanın mobil rabitə operatoru Azercell Gürcüstanın "Magticom", Finlandiyanın "Telia Sonera", Latviyanın "Bite", Misrin "Mobinil" mobil rabitə şirkətləri ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib. Bu barədə şirkətin məlumatında bildirilir.
"Abonentlərinə məsafə fərqini hiss etdirməmək üçün Azercell 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib", - deyə şirkətin məlumatında bildirilir.
Hazırda Azercell Telesom 50 mobil şəbəkə operatoru ilə 38 ölkədə MMS xidmətinə qoşulub.
Ölkənin iri mobil operatoru, indiyə kimi 68 ölkənin 164 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Amma Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adıçəkilən xidmət isə "Azercell" abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.