...

Azərbaycan bankı Bank Respublika-nın aktivləri il ərzində 30 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2009 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend /

"Bank Respublika-nın aktivləri 1 iyun 2008-ci il tarixinə olan 295,1 mln. manat ilə müqayisədə 32,1% artaraq, 1 iyun 2009-cu il tarixinə 389,8 mln. manata çatıb", - bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Hesabat dövrünə bankın kredit portfeli 2008-ci ilin analoji dövrü ilə müqayisədə 12,4% artım nümayiş etdirərək 238,3 mln. manat təşkil edib.

2009-cu ilin 1 iyun tarixinə Bank Respublika müştəri hesablarında olan vəsaitlər illik 14%-lik artımla 151,1 mln. manatı keçib. Bank Respublika-da yerləşdirilən fiziki şəxslərin əmanətləri 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1% artaraq 89,6 mln. manata çatıb. Bununla yanaşı, hesabat dövrünə əhalinin əmanətləri 2008-ci ilin eyni dövrünə olan 62,1 mln. manatla müqayisədə 21% artaraq 75 mln. manatı keçib.

2009-cu ilin yanvar-may ayları ərzində Bank Respublika-nın gəlirləri 26,6 mln. manat, xərcləri isə 18,9 mln. manat təşkil edib. Hesabat dövrünə bankın balans mənfəəti 7,7 mln. manat təşkil edir.

Bu ilin 22 may tarixində Bank Respublika öz fəaliyyətinin 17 illiyini qeyd edib. Filial şəbəkəsinin genişləndirilməsi proqramı çərçivəsində ötən ay Bank Respublika-nın Masallı və Cəlilabad şəhərində 2 yeni filialının rəsmi açılış mərasimi keçirilib. Açılışda bankın idarə heyəti və əməkdaşları, İcra hakimiyyətinin nümayəndələri, həmçinin yerli sahibkarlar və bankın müştəriləri iştirak edib.

Bank Respublika 1992-ci ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasında, səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur. 1 iyun 2009-cu il tarixinə Bank Respublika-nın məcmu kapitalı 56,6 mln. manat, nizamnamə kapitalı isə 22,6 mln. manatdır.

İyunun 10-na olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti