...

Azərbaycan bankı Azərdəmiryolbank-ın aktivləri 200 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2009 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend /

"Azərdəmiryolbank" ASC-nin aktivləri cari ilin may ayında artmağa davam edərək iyunun 1-nə 208,48 mln. manat təşkil edib", - bankın cümə günü yaydığı məlumatda deyilir. Son 12 ayda bu göstərici 17,7% artıb.

İl ərzində 11,84 mln. manat çoxalaraq, 159,24 mln. manat səviyyəsinə çatan müştərilərin kreditləşdirilməsi aktivlərin strukturunda 75% xüsusi çəkiyə malik olub. Bankın əsas vəsaitləri və qeyri-maddi aktivlərin dəyəri 19% artaraq 13,6 mln. manata bərabər olub.

İyunun əvvəlinə, bankın toplam öhdəlikləri 169,64 mln manat səviyyəsində olub. Müştərilərin vəsaitləri 59,15 mln. manat olub, o cümlədən müddətli depozitlərin həcmi ilin əvvəlindən 14% artaraq 47,78 mln. manata çatıb. Maliyyə sektoru qarşısında öhdəliklər 97,75 mln. manat təşkil edib.

Hesabat tarixinə bankın ümumi kapitalı 38,84 mln. manata yüksəlib, ödənilmiş nizamnamə kapitalı 13,4 mln. manat olub.

Ölkənin ilk kommersiya banklarından olan Azərdəmiryolbank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatları daxildir. Ölkə paytaxtı Bakı şəhərində və digər regionlarda bankın 32 filial və şöbəsi fəaliyyət göstərir.

İyunun 12-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.  

Xəbər lenti

Xəbər lenti