Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir İ.Xəlilova /
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Özəl Sektorun İnkişafı İslam Korporasiyası (ICD) tərəfindən təsis edilmiş Caspian International Investment Company (CIIC) 5,5 milyon manat dəyərində soyuducu anbar kompleksinin inşası üzrə layihənin ilkin maliyyələşdirilməsinə başlayıb. Bu barədə cümə axşamı ölkənin İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
"Kompleks Samuxda yerləşir və bu müəssisədə işgüzar iştiraka investisiyanın yatırılması barədə müqavilə iyunda imzalanıb", - nazirlikdən deyilib.
Soyuducu anbarın layihə gücü 25 min tondur.
Cümə günü "Sahibkarlığa dövlət dəstəyinə dair" konfrans çərçivəsində Gəncədə kompleksin yenidən qurulması ilə (iş artıq fəaliyyətdə olan, müasir standartlara uyğunlaşdırılması planlaşdırılan anbarın bazasında aparılacaq) tanışlıq baş tutacaq.
Bu tərkibdə ilk dəfə keçiriləcək konfransda Sahibkarlığa Yardım Milli Fondu, AİŞ, CIIC və Bakı Fond Birjasının nümayəndələrinin iştirakı gözlənilir. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunun logistik, kənd təsərrüfatı, infrastruktur və s. sahələrdə ixtisaslaşan sahibkarlarının iştirakı planlaşdırlır.
Caspian International Investment Company 2008-ci ilin martında 2,954 milyon manatlıq ilkin kapitalla QSC kimi qeydiyyatdan keçib. AİŞ-in iştirak payı 25, ICD-nin iştirak payı isə 75 faiz təşkil edib.
AİŞ öz payının ödəmələri üçün ümumilikdə 14 milyon dollar verib.
Strategiyaya əsasən, CIIC-nin investisiyası, şəriət prinsiplərinə zidd olan spirtli içki və donuz məhsulları istehsalı istisna olmaqla, iqtisadiyyatın real sektorunda həyata keçiriləcək. CIIC rəhbərinin sözlərinə görə, hazırda layihə üzərində iş davam etdirilir.
Avqustun 20-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]