...

Azərbaycan bankı Texnikabankın aktivləri il ərzində 17%-dən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2009 16:40 (UTC +04:00)
Noyabr ayı ərzində "Texnikabank" ASC-nin aktivlərinin həcmi 4% artaraq, 1 dekabr 2009-cu il tarixinə 464,7 mln. manat səviyyəsinə çatıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə aktivlərin artımı 17,5% olub.
Azərbaycan bankı Texnikabankın aktivləri il ərzində 17%-dən çox artıb

Azərbaycan, Bakı, 15 dekabr / Trend /

Noyabr ayı ərzində "Texnikabank" ASC-nin aktivlərinin həcmi 4% artaraq, 1 dekabr 2009-cu il tarixinə 464,7 mln. manat səviyyəsinə çatıb. Bu barədə bankdan çərşənbə axşamı yayılan məlumatda deyilir. Ötən ilin analoji dövrü ilə müqayisədə isə aktivlərin artımı 17,5% olub. 2009-cu ilin 11 ayı ərzində bankın aktivlərinin gəlirliyi 2,21% təşkil edib.

Cari ilin 11 ayının yekunu üzrə bankın məcmu kapitalı 58,2 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 12,9% çoxdur. Bankın nizamnamə kapitalının həcmi isə 41,7 mln. manat səviyyəsində saxlanılıb. Hesabat dövrü ərzində bankın kapitalının gəlirliliyi 18,1% təşkil edib.

Noyabr ayı ərzində "Texnikabank" ASC-nin cəlb etdiyi depozitlərin ümumi həcmi 11,43% və ya 17,5 mln. manat artaraq, 1 dekabr 2009-cu il tarixinə 170,6 mln. manat səviyyəsinə çatıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bankın depozit portfelinin artımı 15% təşkil edib. Hesabat dövrünün sonuna fiziki şəxslərin bankda yerləşdirdikləri depozitlərin ümumi həcmi isə 85,5 mln. manat olub.

Hesabat dövrünün sonuna bankın kredit portfelinin həcmi 327,3 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,3% çoxdur. 1 dekabr 2009-cu il tarixinə bankın istehlak kreditləri portfelinin həcmi 40,5 mln. manat təşkil edib.

Bankın ümumi gəlirləri cari ilin noyabr ayı ərzində 8,0% və ya 4,3 mln. manat artaraq, hesabat dövrünün sonuna 58,8 mln. manat səviyyəsinə çatıb. O cümlədən faiz gəlirləri 48,7 mln. manat, qeyri-faiz gəlirləri isə 10,1 mln. manat olub. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 9,9 mln. manat təşkil edib. Noyabr ayı ərzində bankın xalis mənfəəti 2,6% artıb.

Bankın emissiya etdiyi plastik kartların sayı hesabat dövrünün sonuna 44,8 min ədəd olub. 1 dekabr 2009-cu il tarixinə plastik kart sahiblərinin istifadəsinə verilmiş bankomatların sayı 58, POS-terminalların sayı isə 340 ədəd təşkil edib.

1993-cü ildə təsis olunmuş "Texnikabank" ASC ölkənin bank sektorunda əsas göstəricilərinə görə ilk beşlikdə qərarlaşıb. "Texnikabank" ASC 35 filialı və 5 şöbəsi ilə Bakı şəhəri və respublikanın regionlarında hüquqi və fiziki şəxslərə bütün növ bank xidmətlərini təklif edir.

Dekabrın 15-nə olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti