Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir E.İsmayılov/
İndiyə kimi Azərbaycanın nəqliyyat sektoruna onun inkişafı məqsədi ilə iki milyard dollar qoyulub. Bu barədə Cənubi Qafqaz vasitəsilə Əfqanıstana avtomobil yükdaşımalarının inkişafı üzrə Bakıda keçirilən işçi qrupunun ikinci iclası çərçivəsində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.
"Ölkədə bütün iqtisadi sahələrin inkişafı üzrə işlər aparılır. Xüsusilə də nəqliyyat sektoruna iki milyard dollar qoyulub", - Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, ölkədə nəqliyyat infrastrukturunun inkişafı üzrə fəal işlər aparılır, xüsusilə də ölkə daxilində avtomobil yollarının yenidən qurulması və inşası üzrə işlər aparılır. Respublika, həmçinin TRACECA nəqliyyat dəhlizinin inkişafına kömək edəcək Bakı-Tbilisi-Qars yeni dəmiryolun inşası üzrə layihədə iştirak edir.
Məmmədov bildirib ki, qlobal iqtisadi-maliyyə böhranı nəqliyyat sektorunun inkişafı məqsədi ilə beynəlxalq nəqliyyat təşkilatları və maliyyə inistutları ilə sıx əməkdaşlığın vacibliyini göstərib.
Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km Türkiyə, 29 km Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryol magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda yükötürmə qabiliyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin, Axalkalakidə Gürcüstanda olan dəmiryoldan qatarların Avropaya keçməsi üçün məntəqənin inşa edilməsi planlaşdırılır.
Hazırda TRACECA iştirakçısı olan dövlətlər aşağıdakılardır: Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna, həmçinin İran.