Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir Ü.İsmayılova/
"Günay Sığorta" şirkəti 2009-cu ildə fəaliyyətinin yekunları üzrə 1,528 milyon manat məbləğində müqavilə bağlayıb. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda bildirilir.
"Dünya iqtisadi böhranının bütün şirkətlərə təsir göstərməsinə baxmayaraq, bizim müştərilər şirkəti tərk etməyiblər, rəhbər təşkilatlara və məhkəmə instansiyalarına bizim şirkətlə bağlı şikayət daxil olmayıb, əksinə, biz sığorta edilən əmlakın və nəqliyyat vasitələrinin sayını və növlərini artırmışıq", - məlumatda deyilir.
İl ərzində şirkət əmlakın yanğından sığortalanması üzrə 750,136 min manat, nəqliyyat vasitələrinin sığortası üzrə 246,246 min manat, tikinti - 366,722 min manat, bədbəxt hadisələrdən fərdi sığorta və üçüncü şəxs qarşısında məsuliyyətin sığortalanması - 28,160 min manat, avadanlıq və qurğuların sığortalanması - 35,605 min manat, ümumi məsuliyyətin sığortalanması üzrə 43,389 min manat məbləğində müqavilə bağlayıb.
2009-cu ildə şirkətin hesabına 1,414 milyon manat daxil olub, müştərilərə isə zərərin ödənilməsi üçün 181,213 min manat verilib.
1992-ci ildən fəaliyyət göstərən "Günay Sığorta"nın təsisçisi "Günay Bank" səhmdar bankıdır. Şirkətin nizamnamə kapitalı 1,6 milyon manat təşkil edir.
Martın 29-na olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.