...

Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi iki ölkənin potensialına uyğun deyil - iqtisadi inkişaf nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2010 15:02 (UTC +04:00)

Bakı, Azərbaycan, 8 aprel /Trend /

2009-cu ildə AzərbaycanVyetnam arasında ticarət dövriyyəsi 12 milyon dollar təşkil edib ki, bu da iki ölkənin ticarət potensialına uyğun deyil. Bunu cümə axşamı Bakıda Azərbaycan - Vyetnam biznes-forumu zamanı Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov deyib. İlk dəfə təşkil olunan forum Vyetnamın Baş naziri Xoanq Çunq Xayın Bakıya səfəri çərçivəsində keçirilir.

"Azərbaycanda kifayət qədər böyük bazar var və ölkə Vyetnam ilə ticari-iqtisadi münasibətlərin inkişafında maraqlıdır", - Səfərov deyib.

Forum zamanı nazir müavini qeyd edib ki, hazırda ölkədə iqtisadi islahatlar uğurla həyata keçirilir. Uğurlu iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycan yüksək inkişaf tempinə nail olub ki, nəticədə, dünya iqtisadi böhranının təsirini minimuma endirmək mümkün olub.

"Dünya maliyyə böhranı ilə bağlı vəziyyətə baxmayaraq, Azərbaycan makroiqtisadi sabitliyə və valyuta ehtiyatları sabitliyinə nail olub. Hazırda valyuta ehtiyatları 20 milyard dolları ötür, idarə olunan inflyasiyanın səviyyəsi saxlanılıb, uçot dərəcəsinin azaldılması, həmçinin, əmanətlərin sığortalanması üzrə tədbirlər həyata keçirilib", - Səfərov deyib.

Nazir müavininin sözlərinə görə, bütün bu tədbirlər Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə həyata keçirilib.

"Azərbaycan öz stabil siyasi, beynəlxalq standartlara cavab verən hüquqi sistemi ilə investisiyalar üçün cəlbedici ölkədir. 2003-cü ildən Azərbaycan iqtisadiyyatına 70 milyarddan çox xarici və daxili investisiya qoyulub", - Səfərov deyib.

Vyetnamın Baş naziri hesab edir ki, ölkələr arasında hazırkı əmtəə dövriyyəsi qənaətbəxş deyil və bu gün Bakıda keçirilən forum bu rəqəmin artmasına imkan verəcək.

"1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulduqdan sonra, Azərbaycan Vyetnamdan olan tələbələrin təhsilini əhəmiyyətli dərəcədə dəstəkləyir, lakin biz gələcəkdə ticari-iqtisadi münasibətlərin inkişafının təmin olunmasını da istərdik", - Vyetnamın Baş naziri deyib.

Onun sözlərinə görə, Vyetnam ölkə daxilində iqtisadiyyatın müəyyən inkişafını təmin edib və hazırda sahibkarlar beynəlxalq bazara fəal çıxmağa başlayıblar. Hazırda ölkədə 500 min sahibkar fəaliyyət göstərir, yeddi milyard dollar məbləğində 440 layihə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti