Azərbaycan, Bakı, 16 aprel /Trend/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AtaBank" ASC-nin 10 milyon manat həcmində adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasının (BFB) cümə günü yayılan məlumatında deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20 manat olmaqla, 500 min səhm buraxılıb. Qiymətli kağızların yerləşdirilməsinin anderrayteri qismində "Brokdil-Az" MMC çıxış edəcək.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək.
Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.
AtaBank Azərbaycanda ən iri holdinqlərdən biri olan AtaHoldinqin ən böyük hissəsini təşkil edir. Bank bazarda 1993-cü ildən fəaliyyət göstərir.