Azərbaycan, Bakı, 24 may /Trend/
Mikromaliyyə sənayesi üzrə biznes sahəsində aparıcı məlumat xidmətləri təchizatçısı olan "Microfinance Information Exchange" (MIX) "AccessBank"ı beş brilyantla - özünün ən yüksək "şəffaflıq" reytinqi ilə mükafatlandırıb. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.
MIX bütün dünya üzrə mikromaliyyə institutları (MMİ) haqqında məlumat toplayır və onları hər birinin yaydığı məlumat həcminə görə qiymətləndirir. MIX hər bir MMİ-nin fəaliyyətinin şəffaflıq səviyyəsini müəyyən etmək üçün "brilyant" sistemini tətbiq edir: brilyantların sayı nə qədər çox olarsa, məlumat aşkarlıq səviyyəsi də bir o qədər yüksək olur.
"AccessBank öz fəaliyyətində daim şəffaflıq prinsipinə sadiq qalır. MIX-in "5 brilyant" şəffaflıq reytinqi bu sadiqliyimizin bariz nümunəsidir", - AccessBank-ın baş meneceri Andrü Pospilovski belə reytinqin əldə olunmasını alqışlayaraq deyib.
MIX mikromaliyyə institutlarının maliyyə və sosial fəaliyyəti, eləcə də mikromaliyyə sənaye sahəsindəki sponsorlar, aparıcı təchizatçı və investorlar haqqında müfəssəl biznes məlumatlarını təqdim edir. MIX 2002-ci ilin iyun ayında Vaşinqton, federal Kolumbiya dairəsində təsis olunmuş qeyri-kommersiya şirkətidir. MIX Yoxsullara Yardım üzrə Məsləhət Qrupu (CGAP) tərəfindən təsis olunub və Citi Foundation, Deutsche Bank Americas Foundation, IFAD (Beynəlxalq Kənd Təsərrüfatı İnkişaf Fondu) və Bill & Melinda Gates Foundation təşkilatları tərəfindən maliyyələşdirilir.
АccessBank-ın missiyası aşağı və orta gəlirli Azərbaycan ailələrinin, eləcə də mikro və kiçik müəssisələrin maliyyə xidmətlərindən yararlanmasını təmin etməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+). AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.