...

Bakıda İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik toplantısı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2010 19:01 (UTC +04:00)
Tədbirdə İslam İnkişaf Bankına üzv olan 56 ölkənin Maliyyə, İqtisadiyyat və Planlaşdırma nazirləri, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri və digər yüksək vəzifəli qonaqlar iştirak edəcəklər. Ümumilikdə illik toplantı zamanı 30-a yaxın iclasın keçirilməsi və 850-dən çox qonağın iştirakı gözlənilir.
Bakıda İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik toplantısı keçiriləcək

Azərbaycan, Bakı, 17 iyun /Trend/

İyunun 23-24-də Bakıda İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik toplantısı keçiriləcək. Tədbirdə İslam İnkişaf Bankına üzv olan 56 ölkənin Maliyyə, İqtisadiyyat və Planlaşdırma nazirləri, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri və digər yüksək vəzifəli qonaqlar iştirak edəcəklər. Ümumilikdə illik toplantı zamanı 30-a yaxın iclasın keçirilməsi və 850-dən çox qonağın iştirakı gözlənilir. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir. 

İllik toplantı çərçivəsində İslam İnkişaf Bankının 35-ci illik hesabatının müzakirə edilməsi, Nigeriya Federativ Respublikasının İslam İnkişaf Bankının əsas kapitalındakı iştirak payını artırmaq üçün müraciəti, 2010-cu ildə bankın xalis gəlirindən Texniki Yardım Qrant Əməliyyatlarına və Təqaüd Proqramına vəsaitin ayrılması, İslam İnkişaf Bankının Müdirlər Şurasının 39-cu illik toplantısının Tacikistanda keçirilməsi ilə bağlı bu ölkənin dəvəti, bankın Müdirlər Şurasının 36-cı illik toplantısının tarixi və yeri kimi məsələlərin müzakirə olunması nəzərdə tutulur. Müdirlər Şurasının illik toplantısı zamanı banka üzv olan ölkələr üçün yeni layihələr təsdiq olunacaq, bir sıra kredit sazişləri imzalanacaq. 

Tədbir çərçivəsində İslam İnkişaf Bankının qurumlarının - Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, İnkişaf naminə İslam Həmrəylik Fondunun illik iclasları, həmçinin bir sıra müxtəlif görüşlər, seminar, forum və təqdimatlar keçiriləcək. 

Müdirlər Şurasının illik toplantısı zamanı iyunun 21-22-də Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının, Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Azərbaycan və MDB ölkələrinin biznes imkanlarına dair İnvestisiya Konfransı" keçiriləcək. Tədbirdə Azərbaycanın və bəzi MDB ölkələrinin biznes mühiti və investisiya imkanları barədə iştirakçılara geniş məlumat veriləcək.

Tədbir zamanı həmçinin, İslam İnkişaf Bankı tərəfindən elm və texnika, İslam iqtisadiyyatı, qadınların inkişafa töhfəsi sahəsində mükafatlandırma mərasimi keçiriləcək.

İslam İnkişaf Bankı 1975-ci ildən fəaliyyət göstərir. Bankın 56 üzvü var. İslam İnkişaf Bankının Müdirlər Şurasının illik toplantısı üç ildən bir Səudiyyə Ərəbistanın Ciddə şəhərində olmaqla, hər il üzv ölkələrin birində keçirilir. Azərbaycan 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür. Bankda Azərbaycan tərəfdən müdir iqtisadi inkişaf naziri Şahin Mustafayev, alternativ müdir isə maliyyə naziri Samir Şərifovdur.

Xəbər lenti

Xəbər lenti