...

Dağıstan ərazisində baş verən partlayış Azərbaycan və Rusiya arasında dəmiryol nəqliyyatına təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 15:37 (UTC +04:00)
Dağıstan ərazisində Manas Açi dəmiryol məntəqəsində baş verən partlayış Azərbaycandan Rusiya və geriyə hərəkət edən qatarların hərəkətinə təsir göstərməyib.
Dağıstan ərazisində baş verən partlayış Azərbaycan və Rusiya arasında dəmiryol nəqliyyatına təsir etməyib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.İsmayılova/

Dağıstan ərazisində Manas Açi dəmiryol məntəqəsində baş verən partlayış Azərbaycandan Rusiya və geriyə hərəkət edən qatarların hərəkətinə təsir göstərməyib. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, partlayış Moskva vaxtı ilə saat 05:20-də baş verib. Bakı vaxtı ilə saat 06:20-də isə Bakıdan Bakı-Tümen sərnişin qatarı yola salınıb. Bundan başqa, qrafikə uyğun olaraq, saat 19:50-də Bakı-Moskva sərnişin qatarı da yola salınacaq.

"Baş verən partlayış qatarların yola salınmasına təsir etməyib. Əks tərəf bizə Dağıstan ərazisində baş verə biləcək mümkün yubanmalar haqqında hələ ki məlumat verməyib", - Əzməmmədov qeyd edib.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Dağıstan ərazisində baş verən partlayış Bakı-Xarkov qatarının Dərbənd stansiyasında yubanmasına (30 dəqiqə) səbəb olub.

Dağıstanın Qarabudağkənd rayonundakı Manas Açi dəmiryol məntəqəsində baş verən partlayış nəticəsində relsdən 12 vaqon çıxıb ki, bunlardan da 7-si çevrilib. Qarabudağkənd RPŞ-nin nümayəndəsi bildirib ki, hadisə zamanı maşinist və onun köməkçisi xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti