...

AZAL İstanbul aeroportunda təyyarənin zədələnməsi ilə bağlı araşdırmanın yekunlarını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2010 11:59 (UTC +04:00)
Cümə axşamı səhər “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarə ilə bağlı İstanbulun “Atatürk” Hava Limanında baş vermiş insidentin və zədələnmiş təyyarənin taleyi yalnız baş verənləri araşdırmaq üçün Türkiyənin mülki aviasiyası tərəfindən yaradılan xüsusi komissiyanın işinə yekun vurulduqdan sonra məlum olacaq. Bu barədə cümə günü AZAL-dakı mənbə məlumat verib.
AZAL İstanbul aeroportunda təyyarənin zədələnməsi ilə bağlı araşdırmanın yekunlarını gözləyir

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir E.İsmayılov/

Cümə axşamı səhər "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarə ilə bağlı İstanbulun "Atatürk" Hava Limanında baş vermiş insidentin və zədələnmiş təyyarənin taleyi yalnız baş verənləri araşdırmaq üçün Türkiyənin mülki aviasiyası tərəfindən yaradılan xüsusi komissiyanın işinə yekun vurulduqdan sonra məlum olacaq. Bu barədə cümə günü AZAL-dakı mənbə məlumat verib.

"Baş vermiş insudentin səbəbləri, eləcə də zədələnmiş təyyarə necə olacağı haqda Türkiyə tərəfinin yaratdığı komissiyanın işinə yekun vurulduqdan sonra məlum olacaq. Hansısa müddət barədə danışmaq hələ tezdir", - AZAL nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yaradılan komissiya ilə birgə işləmək üçün AZAL-ın mütəxəssisləri də Türkiyəyə yola düşüblər.

Mənbə bildirib ki, təyyarə zədələndiyindən, geri qayıtmalı olan sərnişinlər dünən axşam Bakıya başqa hava gəmisi vasitəsilə çatdırılıblar. 

Cümə axşamı İstanbulun "Atatürk" Hava Limanında Bakı-İstanbul marşrutu üzrə J2075 reysi ilə uçan təyyarə yerə enərkən uçuş zolağından çıxıb. "Airbus-319" təyyarəsi Bakıdan saat 10:06-da (yerli vaxtla) çıxıb və saat 10:45-də (yerli vaxtla) eniş edib.

İnsident nəticəsində göyərtədəki 120-yə yaxın sərnişindən və ekipaj üzvlərindən xəsarət alan olmayıb.

İlkin məlumatlara görə, təyyarəni uçuş-enmə zolağında yerə endirdikdən sonra kapitan sürəti idarə edə bilməyib, nəticədə, şasinin ön dirəyi əyilib və təyyarə gövdəsi üzərinə yıxılaraq mühərrikin üst səthini zədələyib.

Xəbər lenti

Xəbər lenti