Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Hindistandan idxal olunan camış ətində heç bir xəstəlik aşkarlamadığını bildirib. Bu barədə cümə günü jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib.
"Azərbaycana Hindistandan gətirilən camış ətləri yoxlanılıb və heç bir xəstəlik aşkar edilməyib", - Əliyev deyib. Lakin ölkədə camış ətinin idxalına qoyulan qadağa hələ ki saxlanılır.
Onun sözlərinə görə, nazirliyin əməkdaşları Azərbaycana camış ətini tədarük edən Hindistan şəhərlərində heyvanların kəsilmə şərait ilə tanış olacaqlar.
"İndi əsas məqsədimiz həmin yerlərdə camışların kəsilmə şəraitini yoxlamaqdır. Baytarların həmin yerlərə ezam olunması üçün vizaların alınması ilə bağlı iş aparılır. Biz ölkəyə əsasən camış əti gətirən "Alaniya" şirkəti ilə əməkdaşlıq edirik", - Əliyev bildirib.