...

Azərbaycan adambaşına düşən xarici investisiyalar üzrə MDB və Şərqi Avropanın aparıcı ölkələrindən biridir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2010 13:23 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 5 noyabr /Trend/

Müstəqillik illərində əlverişli investisiya mühitinin yaradılması nəticəsində Azərbaycan iqtisadiyyatına 90 milyard dollara yaxın sərmayə qoyulub ki, onun yarısını xarici investisiyalar təşkil edir. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev cümə günü Daşkənddə Azərbaycan Milli Sərgisinin açılışında bildirib.

"Azərbaycan adambaşına düşən xarici investisiyalar üzrə MDB və Şərqi Avropanın aparıcı ölkələrindən biridir və bu gün artıq özü xaricdə fəal surətdə sərmayələr yatırır", - nazir bildirib.

Onun sözlərinə görə, qlobal maliyyə-iqtisadi böhran Azərbaycan iqtisadiyyatına minimum təsir göstərib. Belə ki, 2009-cu ilin yekunları üzrə Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) artım 9,3 faiz təşkil edib. "2010-cu ilin yekunları da iqtisadi artımı əks etdirir və yarım ilin yekunları üzrə Cənubi Qafqazda Azərbaycan iqtisadiyyatının payı artıq 70 faizi ötüb", - Mustafayev bildirib.

Bu gün Azərbaycan dünyanın 140 ölkəsi ilə ticari-iqtisadi əlaqələr həyata keçirir və doqquz ay ərzində xarici ticarət dövriyyəsi 20,2 milyard dollar, o cümlədən, ixrac 15,7 milyard, idxal isə 4,5 milyard dollar təşkil edib. Bu dövrdə xarici ticarətdə müsbət saldo 11,2 milyard dollara çatıb.

Əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb. 2004-cü illə müqayisədə 2009-cu ildə əhalinin real gəliri iki dəfə, adambaşına gəlir 85 faiz, orta aylıq əmək haqqı 3, pensiyaların minimum məbləği 3,8, minimum əmək haqqı 6,3 dəfə artıb. Son beş il ərzində yoxsulluğun səviyyəsi 4,1 dəfə azalaraq 11 faiz təşkil edib. Belə dinamik inkişaf nəticəsində Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub və bu mövqeyini möhkəmləndirib.

"Azərbaycan iqtisadiyyatının uğurlu və dönməz inkişafı, iqtisadiyyatın böhrana davamlılığı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizə "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən "sabit" proqnozlu investisiya reytinqi verilib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı "Doing Business 2009" hesabatında Azərbaycan ölkədə biznes-mühitin təkmilləşdirilməsi sahəsində "bir nömrəli islahatçı" adlandırılıb və "Doing Business 2010" hesabatında ölkə öz mövqeyini qoruya bilib", - nazir qeyd edib.

Dünya İqtisadi Forumunun tərtib etdiyi "Qlobal rəqabətqabiliyyətlilik" hesabatında Azərbaycan ötən il olduğu kimi MDB ölkələri arasında birinci, makroiqtisadi sabitlik indeksi üzrə isə 139 ölkə arsında 13-cü yeri tutub. "Standard and Poor's" beynəlxalq reytinq təşkilatı ölkə iqtisadiyyatını əks etdirən reytinq proqnozunu "sabit"dən "müsbət"ə dəyişib.

Uğurlu sosial-iqtisadi siyasətin aparılması nəticəsində 2004-2009-cu illərdə ÜDM-in həcmi 2,8 dəfə artıb, sənayedə artım 4,2 dəfə olub, 30 mindən artıq yeni müəssisə yaradılıb və 840 min yeni iş yeri açılıb.

Milli Sərgidə Azərbaycanın geniş ixrac imkanlarına malik 170 müəssisə və şirkətində istehsal olunmuş təxminən 1700 növdə müxtəlif mallar nümayiş olunacaq.

Bu, xaricdə Azərbaycanın ilk Milli Sərgisidir. Tədbir çərçivəsində Mərkəzi Asiya bazarlarına Azərbaycan məhsullarının ixracının genişləndirilməsi məqsədi ilə sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti