Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir N.İsmayılova/
Bazar ertəsi "Təmiz şəhər" ASC Məlumat-Resurs Mərkəzi açıb. Mərkəzdə ətraf mühitin qorunması üzrə qanunvericilik aktlarının son yenilənmələri, bərk məişət tullantılarının son texnologiyalarını və idarəetmə üsullarını əks etdirən müasir ədəbiyyat toplanıb.
"Bu mərkəz Bakıda bərk məişət tullantılarının idarə edilməsi sahəsinə öz töhfəsini verməlidir və həm tələbələr, həm KİV, həm də hamı üçün maraqlı ola bilər", - mərkəzin açılış mərasimində ASC-nin Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Oqtay Məmmədov deyib.
Onun sözlərinə görə, mərkəz üçün lazımi ədəbiyyatın siyahısı daima yenilənəcək və genişlənəcək. Mərkəzdə üç dildə - Azərbaycan, rus və ingilis dillərində ədəbiyyat var.
"Mərkəzdə olan materiallar bu sahədə gənc kadrların formalaşdırılmasını gücləndirməyə və tələbələri "Təmiz şəhər"in fəaliyyətinə cəlb etməyə imkan verəcək", - ASC-nin Ekologiya şöbəsinin rəisi Rauf Məmmədov deyib.
Mərkəzin yaradılmasında əsas məqsəd əhali və tələbələri bərk məişət tullantılarının idarə edilməsi prosesi haqqında məlumatlandırmaq üçün imkanların formalaşdırılması, eləcə də qeyri-hökumət təşkilatlarına, profil qurumlara və ekoloji mütəxəssislərə müxtəlif seminarların, təlim tədbirlərinin və görüşlərin təşkilində və keçirilməsində kömək etməkdir.