Azərbaycan, Bakı, 2 fevral /Trend/
Azərbaycan və Böyük Britaniyanın Mülki Aviasiya administrasiyaları hava nəqliyyatının fəaliyyətinin liberallaşdırılması məqsədilə yanvarın 25-də apardıqları danışıqların gedişində hər iki ölkənin təyin etdiyi aviasiya şirkətlərinə birgə kommersiya fəaliyyəti haqqında ikitərəfli müqavilələrin bağlanması hüququnun verilməsinə dair qərar qəbul ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Mülki Aviasiya Administrasiyasının məlumatında deyilir.
Danışıqlar zamanı tərəflər hava nəqliyyatı haqqında qüvvədə olan ikitərəfli hökumətlərarası sazişə dəyişikliklər edilməsi məsələsini və əməkdaşlığın gələcək inkişafının perspektivlərini müzakirə ediblər.
Azərbaycan və Böyük Britaniyanın Mülki Aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi Britaniya tərəfinin təklifi ilə keçirilib.
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Prezidentinin 2006-cı il 29 dekabr tarixli sərəncamı ilə yaradılıb və mülki aviasiya sahəsində dövlət siyasəti və nizamlamanı həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.