...

Azərbaycanın fond bazarında yeni inkişaf mərhələsi başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2011 15:02 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Depozitar fəaliyyətin həyata keçirilməsi" standartları və "Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi" qaydalarına əlavə və dəyişikliklər edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasından məlumat verilib.
Azərbaycanın fond bazarında yeni inkişaf mərhələsi başlayıb

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Depozitar fəaliyyətin həyata keçirilməsi" standartları və "Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi" qaydalarına əlavə və dəyişikliklər edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasından məlumat verilib.

Bu əlavə və dəyişikliklərin qüvvəyə minməsi ilə qiymətli kağızlar bazarında peşəkar iştirakçılar olan BFB və Milli Depozit Mərkəzi arasında qarşılıqlı münasibətlərin yeni mərhələsi başlayıb.

"Fevralın 1-də fond bazarının iştirakçılarına təqdim olunan yeniliklər əsasında bazarda ilk sövdələşmələr imzalanıb", - məlumatda deyilir.

Qiymətli kağızlar bazarında ticarət arxitekturasının və institutlararası münasibətlərin sadələşdirilməsi və avtomatlaşdırılması məqsədilə BFB, MDM və digər peşəkar bazar iştirakçıları arasında sənəd dövriyyəsi tam olaraq elektronlaşdırılıb. Bu layihənin icrası mütəşəkkil fond bazarında bütün növ qiymətli kağızlar üzrə sifarişlər sisteminin və əqdlərin icra sürətinin dəfələrlə artmasına və beləliklə əqdlərin kəmiyyət göstəricisinin yüksəlməsinə imkan yaradıb.

Bundan sonra brokerlər ticarət zamanı bir interfeysdən istifadə edə və gün ərzində bir qiymətli kağızla istənilən sayda ticarət apara biləcəklər.

Dünya kapital bazarlarının sürətli inkişafı və yüksək rəqabətlilik şəraitində BFB yerli qiymətli kağızlar bazarının davamlı inkişafının təmin edilməsi məqsədilə qlobal kapital bazarlarının ticarət arxitekturasının təkmilləşdirilməsi və bu sahədə tətbiq edilən yeni IT texnologiyaları sahəsində baş verən yenilikləri ardıcıl şəkildə izləyir.

Bazar daha da inkişaf etdikcə meydana çıxan yeni ehtiyacların və çağırışların həlli məqsədilə birja tərəfindən bundan sonra da beynəlxalq təcrübənin ən müasir nailiyyətləri öyrəniləcək və tətbiqi imkanları araşdırılacaq.

Xəbər lenti

Xəbər lenti