...

"Gəncə avtomobil zavodu" İB-nin icraçı direktoru təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2011 16:14 (UTC +04:00)
"Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin icraçı direktoru Kamran Nəzərov təyin olunub. Bu barədə Trend-ə cümə günü İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev məlumat verib.
"Gəncə avtomobil zavodu" İB-nin icraçı direktoru təyin olunub

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.İsmayılov/

"Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin icraçı direktoru Kamran Nəzərov təyin olunub. Bu barədə Trend-ə cümə günü İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev məlumat verib.

Onun sözlərinə görə, İB icraçı direktorunun üç müavini də təyin olunub. Fətiyevin bildirdiyinə görə, həmçinin İB-nin tərkibində marketinq idarəsi yaradılıb.

O, bildirib ki, zavodun mülkiyyət formasının dəyişdirilməsi və müəssisənin yenidən qurulması onun işinin effektivliyini artırır, fəaliyyətinin genişləndirilməsi və gələcəkdə daha böyük templərlə inkişaf etməsi üçün böyük imkanlar açır.

Bundan əvvəl, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Gəncə Avtomobil Zavodu "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinə çevrilib. Mülkiyyət formasının dəyişdirilməsi ilə bağlı qərar zavodun təsərrüfat fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə qəbul edilib. Mülkiyyət formasının dəyişdirilməsinə baxmayaraq, İstehsalat Birliyi dövlət müəssisəsidir və öz fəaliyyətində Azərbaycanın qanunlarını, Azərbaycan Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə təsdiq edilən nizamnaməni rəhbər tutur.

Nazirlər Kabinetinin qərarına əsasən, İB üç müəssisədən ibarət olacaq: Gəncə avtomobil zavodu (baş müəssisə), marketinq və servis müəssisəsi, xüsusi konstruktor-texnoloji bürosu.

Birliyin idarəetmə və nəzarət orqanı Müşahidə Şurasıdır. Şura sədr daxil olmaqla, 3 üzvdən ibarətdir. Şuranın sədri və üzvləri Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Hazırda İB öz istehsal gücündə "MAZ" məhsullarının müxtəlif tip asma avadanlıqlarını, o cümlədən, Almaniyanın "Haller" şirkəti ilə saziş çərçivəsində kommunal texnika yığır.

Minsk avtomobil və traktor zavodlarının yük avtomobillərinin və traktorlarının bütün qammasının yığılmasına və satışına dair saziş 2006-cı ilin noyabrın sonunda Minskdə imzalanıb.

"Gəncə avtomobil zavodu" Azərbaycanda ildə minədək yük avtomobili və iki min traktor yığmaq iqtidarındadır. Hazırda "Gəncə avtomobil zavodu"nda "Belarus" traktorları və "MAZ" avtomobilləri yığılır.

Xəbər lenti

Xəbər lenti