...

2011-ci il Azərbaycan üçün kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması ili ola bilər - deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2011 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Ü.İsmayılova/

2011-ci ildən Azərbaycanda istehsal potensialının ixrac potensialına keçirtmək lazımdır. Bu barədə Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev "Əmlak bazarının iştirakçıları" İctimai Birliyinin nəşr etdirdiyi "Əmlak Bazarı" jurnalına müsahibəsində bildirib.

"Azərbaycandan xarici bazarlara yüksək keyfiyyətli, eləcə də özünün bəzi xüsusiyyətlərinə görə fərqlənmək imkanına malik olan kənd təsərrüfatı məhsullarının ixracı potensialı mövcuddur", - Quliyev bildirib.

Onun sözlərinə görə, bu məhsullardan bəziləri artıq dünya səviyyəsində təşkil olunan sərgilərdə təqdim olunub.

Deputat hesab edir ki, bu sahədə inkişaf üçün subsidiyaların ayrılmasını davam etdirmək lazımdır, çünki bu sahədə əvvəllər görülən işlər - soyuducu kameraların tikilməsi, taxıl terminallarının inşası - müəyyən effekt verir. Bu da ölkədə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir.

Quliyev deyib ki, sonrakı illərdə bu müsbət meyl gücləndiriləcək, eyni zamanda, kənd təsərrüfatının inkişafında mühüm istiqamət olan toxumçuluq sahəsi inkişaf etdiriləcək. Azərbaycanda artıq toxumçuluq sahəsində iri özəl müəssisələr yaradılıb, sahibkarlara yeni imkanlar veriləcək, kreditlər ayrılacaq.

"Çalışmaq lazımdır ki, kənd təsərrüfatı sahəsində yüksək nəticələrə nail olunsun və yerli istehsal məhsulları nə keyfiyyətinə, nə də həcminə görə xarici istehsal məhsullarından geri qalmasın", - Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilk növbədə kənd təsərrüfatı məhsullarına olan daxili tələbatını yerli istehsal hesabına ödəməlidir.

Xəbər lenti

Xəbər lenti