Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir N.İsmayılova/
Fevralın 24-də Sankt-Peterburqun Sənaye-Ticarət Palatasında Sankt-Peterburqda fəaliyyət göstərən azərbaycanlı iş adamlarının və Azərbaycanın Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Sankt-Peterburqda Azərbaycan İş adamlarının Biznes-İnvestisiyalar Assosiasiyasının təsis edilməsi məqsədi ilə təşkilat komitəsinin ilk iclası keçiriləcək. Bu barədə konsulluğun çərşənbə günü yaydığı məlumatda deyilir.
"Tədbirdə 70-dən çox iş adamının iştirakı gözlənilir", - məlumatda deyilir.
Azərbaycan İş adamlarının Biznes-İnvestisiyalar Assosiasiyasının təsis edilməsində məqsəd Sankt-Peterburqda fəaliyyət göstərən azərbaycanlı sahibkarlara hüquqi yardımın göstərilməsi, birgə biznes planlarının hazırlanması, şəhərdə təşkil edilən iqtisadi tenderlərdə azərbaycanlı sahibkarların iştirakının təmin olunması, kiçik və orta bizneslə məşğul olan azərbaycanlılara hər hansı yardımın göstərilməsi, o cümlədən Azərbaycanda fəaliyyət göstərən şirkət, istehsal müəssisələri və iş adamları ilə əməkdaşlığın qurulması istiqamətində işin aparılmasıdır.