...

Azərbaycan bankı "DəmirBank" mikro və kiçik biznesin kreditləşdirilməsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2011 18:21 (UTC +04:00)
Öz inkişaf strategiyasına əsasən, "DəmirBank" mikro və kiçik biznes kreditləşdirilməsini genişləndirərək sahibkarlara sərfəli şərtlərlə kreditlər təklif edir.
Azərbaycan bankı "DəmirBank" mikro və kiçik biznesin kreditləşdirilməsini genişləndirir

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Öz inkişaf strategiyasına əsasən, "DəmirBank" mikro və kiçik biznes kreditləşdirilməsini genişləndirərək sahibkarlara sərfəli şərtlərlə kreditlər təklif edir. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"DəmirBank" 500-dən 20 min manatadək mikrokreditlər, 20 001-dən 100 min manatadək kiçik biznes-kreditlər təklif edir. Kredit 3 ilədək müddətə verilir ki, bu da kredit ödənişlərinin optimallaşdırılması və biznesin inkişafı üçün yaxşı imkanlar yaradır. Mikro və kiçik biznes-kreditlərini "DəmirBank"ın bütün filialları təqdim edir.

"Bu günədək istehsal, ticarət, xidmət, kənd təsərrüfatı və bu kimi digər sahələrdə fəaliyyət göstərən minlərlə sahibkar "DəmirBank"ın mikro və kiçik biznes-kreditlərindən istifadə edib. Hazırda "DəmirBank"ın mikro və kiçik biznes-kreditləri üzrə portfeli 25,3 milyon manat təşkil edir ki, bu da ötən ilin göstəricilərinə nisbətən 78% çoxdur. Mikro və kiçik sahibkarlıq yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına xidmət edir. Bu səbəbdən mikro və kiçik sahibkarlığın kreditləşdirilməsi "DəmirBank"ın sosial yönümlü strategiyasına da uyğundur", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" müxtəlif beynəlxalq maliyyə təşkilatları, eləcə də mikro və kiçik kreditlər üzrə ixtisaslaşmış şirkətlərlə geniş əməkdaşlıq edir. Bu proqramlar üzrə cəlb edilmiş vəsaitlər də Azərbaycanda sahibkarlara kreditlərin verilməsinə yönəldilir. "DəmirBank" həmçinin sahibkarlığın kreditləşdirilməsi üzrə dövlət proqramına əsasən, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verir.

"DəmirBank" müştərilərə həmçinin digər növ biznes, istehlak və ipoteka kreditlərini təklif edir. Bankın kredit məhsulları barədə daha ətraflı məlumat üçün /www.demirbank.az/ saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Fevralın 28-nə olan rəsmi məzənnə 0,7941 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti