...

Bakıda bərk məişət tullantılarının yandırılması zavodunun ərazisində mülki müdafiə təlimləri keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Ü.İsmayılova/

Çərşənbə axşamı Balaxanıda tikilən bərk məişət tullantılarının yandırılması zavodunun ərazisində mülki müdafiə təlimləri keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Təmiz şəhər" ASC-dən bildirilib.

Təlimlər 1 mart Ümumdünya Xilasetmə Günü ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə keçirilib.

Məlumata əsasən, təlimlərdə "Təmiz Şəhər" ASC-nin əməkdaşları ilə yanaşı, tullantıların yandırılması zavodunun baş podratçısı olan Fransanın CNİM və subpodratçı Türkiyənin "Üstay" şirkətinin nümayəndələri də iştirak edib.

Mülki müdafiə təlimlərinin əsas məqsədi ərazidə hər hansı fövqəladə hadisə baş verəcəyi təqdirdə səmərəli və operativ tədbirlərin təşkil edilməsi, qəza zamanı işçilərin və ətraf ərazidə olan insanların təhlükəsizliyinin təmin olunmasıdır.

Tədbir çərçivəsində baş verə biləcək fövqəladə hadisələr zamanı mülki müdafiə hazırlığının real vəziyyəti öyrənilib və mümkün ola biləcək hər hansı qəzada işçilərin mühafizə səviyyəsi yoxlanılıb, məlumatda deyilir.

Təlim zamanı zavodun tikinti ərazisində şərti olaraq yanğın şəraiti yaradılıb və 3 qrupa ayrılmış mülki müdafiə qüvvələri tərəfindən dərhal xilasetmə və yanğının qarşısının alınması tədbirləri həyata keçirilib.

Təlimlər uğurla başa çatıb.

"Balaxanı şəhər tullantılarının zərərsizləşdirmə poliqonunda və bərk məişət tullantılarının yandırılması zavodunun tikinti sahəsində texniki təhlukəsizliyin və əməyin mühafizəsinin təmin edilməsi məqsədilə gələcəkdə də bu cür mülki müdafiə təlimləri keçiriləcək", - məlumatda qeyd edilib.

Azərbaycan Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 6 avqust 2008-ci il tarixli sərəncamına əsasən, bərk məişət tullantılarının yerləşdirilməsi və utilizasiyası "Təmiz şəhər" ASC-yə tapşırılıb, Bakı ərazisində mənbəyindən asılı olamayaraq, bütün bərk məişət tullantılarının yığılması və daşınması isə şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti