Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq məhsullarının qiymətlərinin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə monitorinqləri və araşdırmaları davam etdirir.
Görülmüş tədbirlər nəticəsində artıq bir sıra ərzaq mallarının pərakəndə satış qiymətlərində ucuzlaşma müşahidə olunur. Belə ki, yerli müəssisələr tərəfindən istehsal olunan qənnadı və kolbasa məmulatlarının qiymətlərində 5%-dək, toyuq ətinin qiymətində 15%-dək, toyuq yumurtasının qiymətində isə 30%-dək ucuzlaşma qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
Bundan başqa, yerli istehsal olan qarğıdalı və günəbaxan yağının, şəkər və şəkər tozunun qiymətində 5%-dək, sitrus meyvələrinin qiymətində isə 15-20%-dək ucuzlaşma qeydə alınıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qiymətlərin süni şişirdilməsi, qiymətlərlə manipulyasiya hallarının qarşısının alınması məqsədi ilə araşdırma və monitorinqlərini davam etdirir.