Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Axundov/
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin yeni tərkibi təsdiqlənib. Trend-in məlumatına görə, bu barədə qurumun cümə günü yaydığı məlumatda deyilir.
Cümə axşamı keçirilən ATİB-in ümumi toplantısının yekunları üzrə idarə heyətinə üç yeni üzv - "AzərTürkBank" ASC-nin idarə heyətinin sədri Mehmet Sami Acarözmen, "Rem Service" şirkətinin təsisçisi Rafael Şirinov və "Behrud" şirkətinin təsisçisi İlham Alməmmədov daxil edilib. Beləliklə, ATİB-in idarə heyətinin üzvlərinin sayı 11-dək genişlənib.
Bununla yanaşı, qurumun Təftiş komissiyasının yeni tərkibi də formalaşıb. "Konsaltinq Az" MMC-nin rəhbəri Vüqar İsmayılov komissiyanın sədri seçilib.
"Tekfen İnşaat" şirkətinin Bakı ofisinin rəhbəri Yener Aydın Ali Məsləhət Şurasının üzvü seçilib.
Həmçinin, ümumi iclasın iştirakçılarına idarə heyətinin 2010-cu il üzrə hesabatı və maliyyə hesabatı, 2011-ci ilin büdcəsi və ştat cədvəli təqdim olunub. Təqdim olunan sənədlərin hamısı toplantı iştirakçıları tərəfindən təsdiqlənib.