...

KOICA Azərbaycanda danışıqların yekunları üzrə iki protokol imzalayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2011 20:11 (UTC +04:00)
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycanın dövlət institutları ilə danışıqların yekunları üzrə iki protokol imzalayıb.
KOICA Azərbaycanda danışıqların yekunları üzrə iki protokol imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycanın dövlət institutları ilə danışıqların yekunları üzrə iki protokol imzalayıb. Trend-in məlumatına görə, bu barədə agentliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Danışıqların yekunları üzrə protokollar Koreya Respublikasının Xarici İşlər və Xarici Ticarət Nazirliyi və Azərbaycanın aidiyyəti dövlət qurumları arasında qrantın verilməsi haqqında imzalanacaq sazişlərin müddəalarını dəqiqləşdirir.

Bunun üçün aprelin 28-dən mayın 4-dək Bakıda KOICA-nın Mərkəzi Asiya və MDB departamenti yanında ölkə üzrə əlaqələndirici Hi Suk Kohun başçılıq etdiyi nümayəndə heyəti səfərdə olub.

KOICA və Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət Komitəsi arasında "Azərbaycanda əqli mülkiyyət idarəçiliyinin yaradılması" adlı layihə üçün qrant sazişi haqqında danışıqların yekunları üzrə protokolu KOICA-nın Azərbaycandakı daimi nümayəndəsi Yanq Vu Kim və Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov tərəfindən imzalanıb.

Layihə Azərbaycanda əqli mülkiyyət üzrə inzibati işlərin avtomatlaşdırılması üçün kompüterləşdirilmiş sistemin yaradılması, milli məlumat bazası toplusunun hazırlanması və Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanasının formalaşdırılması məqsədini daşıyır.

Bundan başqa, KOICA ilə Azərbaycan Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti arasında "Azərbaycan texniki Universitetinin təhsil informasiya sisteminin yaradılması" adlı layihə üçün qrant sazişi haqqında danışıqların yekunları üzrə protokolu Yanq Vu Kim, təhsil nazirinin müavini Elmar Qasımov və Texniki Universitetin rektoru Havar Məmmədov imzalayıblar.

Göstərilən layihənin vəzifəsi təhsil informasiya sisteminin yaradılması, tələbələr üçün məsafəli təhsil imkanının təmini, eləcə də Azərbaycanın mühəndis və mütəxəssislərinin təcrübə mübadiləsi yolu ilə bacarıq və qabiliyyətlərinin yaxşılaşdırılmasıdır.

Hər iki layihə Azərbaycan və Koreya hökumətləri tərəfindən qrant sazişi sənədlərinin imzalanması və təsdiqlənməsindən sonra rəsmən işə salınacaq.

Xəbər lenti

Xəbər lenti