Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/
Cümə günü Azərbaycan Milli Məclisi ölkənin Gömrük Məcəlləsinin layihəsini ikinci oxunuşda təsdiq edib.
İkinci oxunuşdan sonra müzakirələr zamanı edilən iradlar nəzərə alınaraq bir sıra müddəalar sadələşdirilib, beynəlxalq standartlara uyğunlaşdırılıb. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, bununla belə, yoxlamaların müddəti və gömrük tariflərinin tətbiqi ilə bağlı bir sıra məsələlər hələ də açıq qalır, lakin məcəllə kifayət qədər təkmilləşdirilib.
Hazırda qüvvədə olan Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib.
Yeni Gömrük Məcəlləsinin qəbulu gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gömrük infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması, dövlət büdcəsinin gəlirlərinin artırılması, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunması, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesinin sürətlənməsi, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsi, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, gömrük tarif siyasətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolunun artırılması, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılması, gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşması və ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradacaq.
Bundan başqa, cümə günü parlament Balakən rayonunun inzibati ərazi bölgüsünə dəyişiklikləri təsdiq edib.