Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/
Zəmanətli ipoteka fondunun meydana çıxması Azərbaycanda ipoteka kreditinin inkişafı üçün şərait yarada bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Elman Rüstəmov bildirib.
"Hazırda ipoteka kreditlərinin verilməsinin sadələşdirilməsi üçün yeni strategiya hazırlanır, həmin strategiya ölkədə ipoteka kreditlərinin verilməsinin sadələşdirilməsini nəzərdə tutur. Baxılan istiqamətlərdən biri ipoteka kreditinin maksimum məbləğinin yenidən nəzərdən keçirilməsi, faiz dərəcələrinin azaldılması və ölkədə ipoteka kreditinin inkişafı üçün şəraitin yaradılmasına imkan verən tədbirlərin həyata keçirilməsidir", - Rüstəmov bildirib.
Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, kreditin hazırkı maksimal məbləği gənc ailələrə yenitikililərdə mənzil almağa imkan vermir, ona görə də onlar təkrar bazardakı mənzillərə üstünlük verirlər.
"İpoteka kreditinin şərtlərinə mənzil fondunun yenilənməsi məqsədilə gənclər üçün şərait yaradılması ilə əlaqədar baxılacaq", - Rüstəmov bildirib.
AMB rəhbərinin sözlərinə görə, bununla yanaşı, kommersiya ipotekalarının genişləndirilməsi imkanlarına da baxılır, çünki ölkədə buna böyük tələbat var.
AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum məbləği 50 min manat təşkil edir və illik 8 faizlə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Adi və güzəştli kreditlər üçün ilkin ödəniş 15 faizdir.
Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 85 faizini ötməməlidir, kreditə görə aylıq ödəniş borc alanın aylıq gəlirinin 70 faizini ötməməlidir.
Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin, maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.
Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.
Azərbaycan İpoteka Fondu 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin sərəncamı ilə dövlət qurumu kimi yardılıb. Onun nizamnaməsi prezidentin ayrıca sərəncamı ilə 2005-ci ilin dekabrında təsdiqlənib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının mənzillə təmin olunması ilə əlaqədar uzunmüddətli maliyyələşdirmə vasitəsilə maliyyə mexanizmlərinin yaradılması, eləcə də daxili və xarici investisiyaların ipoteka maliyyələşdirilməsinə cəlb edilməsidir.
Mayın 10-na rəsmi məzənnə 0,7911 AZN/USD təşkil edir.