...

Azərbaycanda daşqınların qarşısını almaq üçün ciddi tədbirlər görülür - Baş nazirin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2011 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda daşqın və sellərin tez-tez baş verdiyi ərazilərdə təbiət hadisələrinin qarşısını almaq üçün ciddi tədbirlər görülür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Baş nazirin müavini Abid Şərifov deyib.

"Prezidentin tapşırığı ilə yaradılan komissiyanın ciddi nəzarəti altında daşqın və sellərin tez-tez olduğu yerlərdə müvafiq işlər aparılır", - Şərifov bildirib.

Onun sözlərinə görə, mayın 1-dək il ərzində həm Kür və Arazın, həm də dağ çaylarının sahillərində təhlükəli yerlərdə 600 metrlik torpaq bəndlər tikilib.

Şərifovun sözlərinə görə, ötən il daşqından zərər çəkən şəxslərin evlərinin tikintisi və təmiri hələ ki başa çatmayıb.

"İlin sonuna 2000 ev təmir olunmalı, bir neçə yüz ev isə tikilməlidir. Vətəndaşlara dəymiş ziyanın ödənilməsinə Prezidentin müvafiq sərəncamında nəzərdə tutulanla yanaşı, əlavə 7 milyon manatdan çox vəsait ayrılıb", - Şərifov bildirib.

Ötən ilin yayın əvvəlində fasiləsiz yağışların yağması nəticəsində Kür, Araz və digər çayların daşması ilə əlaqədar Azərbaycanın 40 rayonunun ərazisində güclü daşqın olub. Təbii fəlakət nəticəsində 20 minə yaxın ev suyun altında qalıb, 300-dən çox ev tamamilə dağılıb, iki mini isə qəzalı vəziyyətə düşüb, 50 mindən çox əkin torpaqlarını və yaylaqları su basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamenti çay axınlarının formalaşdığı yüksək dağlıq yerlərdə qarın qalınlığının ölçülməsi ilə bağlı tədqiqat aparıb. Bu işlər Böyük Qafqaz, Kiçik Qafqaz dağlarında yeddi, Naxçıvan Muxtar Respublikasında isə beş marşrut üzrə həyata keçirilib. Ekspedisiya işləri nəticəsində aydın olub ki, dağ çaylarının hövzəsində qar şəklində olan su ehtiyatları çoxillik normanı, eləcə də 2010-cu ildə qeydə alınan normanı ötür.

Xəbər lenti

Xəbər lenti