...

Azərbaycanda xarici vətəndaşların pensiyalarının hesablanması qaydalarında dəyişiklik ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2011 20:31 (UTC +04:00)
Azərbaycanda respublikada yaşayan və işləyən xarici vətəndaşların pensiyalarının hesablanması qaydalarında dəyişiklik etmək üçün "Əmək pensiyaları haqqında" və "Sosial sığorta haqqında" qanunlara dəyişikliklərin edilməsi vacibdir.
Azərbaycanda xarici vətəndaşların pensiyalarının hesablanması qaydalarında dəyişiklik ediləcək

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanda respublikada yaşayan və işləyən xarici vətəndaşların pensiyalarının hesablanması qaydalarında dəyişiklik etmək üçün "Əmək pensiyaları haqqında" və "Sosial sığorta haqqında" qanunlara dəyişikliklərin edilməsi vacibdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov bildirib.

"2005-ci ildə biz bu qanunlara dəyişiklik etmişik. Həmin dəyişikliklərə görə, Azərbaycandakı mənbələrdən gəlir götürən bütün xarici vətəndaşlar DSMF-nin fərdi uçot sistemində qeydiyyatdan keçməli və onlar tərəfindən ödənilən sosial sığorta mükafatları bu hesablarda toplanmalıdır. Bu zaman biz onlar üçün Azərbaycan vətəndaşlarına aid olan şərtlərdən fərqlənən şərait yaratmamışıq", - Müslümov deyib.

Onun sözlərinə görə, tədqiqatlar göstərir ki, belə qaydalar müəyyən problemlərə gətirib çıxarır.

Azərbaycanda pensiya baza və sığorta hissəsindən ibarətdir.

"Bu gün toplanan sosial sığorta mükafatlarının 50 faizi fərdi uçot hesablarında yığılır, yerdə qalan 50 faizin hesabına isə pensiyanın baza hissəsi və müxtəlif sosial müavinətlər ödənilir. Pensiyaların sığorta hissəsi hesablanarkən fərdi hesabda yığılan bütün məbləğ nəzərə alınır. Lakin xaricilərlə bağlı burada problemlər var", - Müslümov bildirib.

Onun sözlərinə görə, xarici vətəndaş pensiya yaşına çatırsa və pensiyaya çıxmaq istəyirsə, o zaman indiki şərtlərlə onlara da pensiyaların baza hissəsi ödənilməlidir.

"Əhaliyə pensiyaların baza hissəsinin ödənilməsi üçün istifadə olunan vəsaitlərin böyük hissəsi dövlət büdcəsinin vəsaitləri hesabına formalaşır. Ona görə də biz xaricilərə pensiyaların baza hissəsinin ödənilməsinin tərəfdarı deyilik", - Müslümov deyib.

Ona görə də, onun sözlərinə görə, xarici vətəndaşlar üçün pensiyaların hesablanmasının digər şərtlərini müəyyən etmək məqsədəuyğundur.
"O cümlədən, qanunvericilik aktlarına dəyişikliklərin ediləcəyi ehtimal olunur ki, həmin dəyişikliklərə görə xarici vətəndaşlara ödənilən sosial sığorta mükafatları indi edildiyi kimi, bu mükafatların yarısı deyil, tam şəkildə onların fərdi hesablarına keçirilməlidir. Və əgər onlar hansısa vəsaitlərdən istifadə etsələr, onda bu məbləğ həcmində onların hesablarından məbləğ azaldılmalıdır. Yəni onların pensiyaları tamamilə onların hesablarında olan vəsiat hesabına formalaşacaq", - Müslümov bildirib.

İyunun 28-29-da Bakıda "Qloballaşma şəraitində əmək miqrantlarıənın sosial müdafiəsi" mövzusunda beynəlxalq texniki seminar keçirilir. Tədbir DSMF, Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyası tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti