...

Bu gün Azərbaycanda sığorta sahəsinin inkişafı üçün əlverişli dövrdür - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 12:48 (UTC +04:00)
Azərbaycanda sığorta müqavilələrinin imzalanması zamanı elektron imzalardan istifadə etmək planlaşdırılır.
Bu gün Azərbaycanda sığorta sahəsinin inkişafı üçün əlverişli dövrdür - nazir

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanda sığorta müqavilələrinin imzalanması zamanı elektron imzalardan istifadə etmək planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı maliyyə naziri Samir Şərifov II Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib.

"Azərbaycanda sığortanın inkişafı məqsədilə nazirlik bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırır ki, onların arasında sığorta müqavilələrinin imzalanması zamanı elektron imzalardan istifadə olunması və bunun üçün zəruri qanunvericilik bazasının yaradılması da var", - nazir deyib.

Onun sözlərinə görə, aktuar işlərin və Azərbaycandakı sığorta bazarının digər komponentlərinin yaxşılaşdırılması üzrə lazımi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

"Biz habelə sığorta edənlərlə sığortaçılar arsında münasibətlərin tənzimlənməsi sahəsində qanunvericiliyin Aİ qanunvericiliyi ilə uyğunlaşdırılması istiqamətində tədbirlər də həyata keçirəcəyik", - Şərifov bildirib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi əhalinin sığorta sahəsində maarifləndirilməsi sahəsində də tədbirlər görəcək.

"Sığortanın inkişafının əsas şərtlərindən biri əhalinin maarifləndirilməsidir və biz bu sahədə başladığımız işləri davam etdirəcəyik", - nazir deyib.

Şərifovun fikrincə, son illərdə Azərbaycanın sığorta bazarın ciddi irəliləyişlər müşahidə olunur.

"Əgər 2003-cü ildə adambaşına sığorta mükafatlarının məbləği yeddi manat təşkil edirdisə, 2010-cu ildə bu göstərici 2,5 dəfə artaraq 17,5 manat olub", - nazir deyib.

Şərifovun sözlərinə görə, bu gün Azərbaycanda sığorta sahəsinin inkişafı üçün əlverişli dövrdür.

"Bugünkü forumda Azərbaycanın sığorta bazarının problemləri və perspektivləri müzakirə olunacaq və ümid edirəm ki, müzakirələr səmərəli olacaq", - nazir bildirib.

Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Maliyyə Nazirliyinin təşkilatçılığı ilə II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir.

"Azərbaycanın sığorta bazarının inkişaf perspektivləri" mövzusunda keçiriləcək forumun məqsədi ölkəmizin sığorta bazarında baş verən dəyişikliklər haqqında məlumat vermək və beynəlxalq sığorta xidmətləri bazarında inteqrasiya prosesini inkişaf etdirməkdir. İkinci dəfə keçiriləcək beynəlxalq tədbirdə dünya sığorta birliklərinin iştirakçılarının birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, sığortaçıların iş görüşmələri və tərəfdaş münasibətlərinin genişləndirilməsi də planlaşdırılır.

Bakı Biznes Mərkəzində iki gün davam edəcək II Azərbaycan Beynəlxalq Sığorta Forumunun əsas mövzuları bunlardır: "İcbari sığorta", "Həyat sığortası" və "Banklar və onların sığorta bazarı ilə münasibətləri".

Forumun işində Avropa və MDB-nin aparıcı sığorta və təkrar sığorta şirkətlərinin rəhbərləri iştirak edirlər. Forum zamanı aparılan müzakirələrdə dinamik və şaxələnən iqtisadi inkişaf tempi ilə irəliləyən Azərbaycanda əhalinin əmlakının artması, ölkənin maddi-texniki potensialının möhkəmlənməsi fonunda sığorta bazarının inkişafı üçün yaradılan əlverişli şərait də diqqət mərkəzində olacaq.

Foruma "AzRE" Təkrarsığorta Şirkəti və Beynəlxalq Sığorta Şirkəti baş sponsorluq, eləcə də "Qarant Sığorta" , "Atəşgah Sığorta" , "AXA MBASK", "Standard Insurance", "Azal Sığorta", "A Group Insurance Company", "Azərsığorta", "Başak İnam Sığorta" və "Azərbaycan Sənaye Sığorta" şirkətləri sponsorluq edirlər. "UNITRE", "Nexum Technologies" şirkətləri forumun xarici tərəfdaşlarıdır. "Synergy Partnership", "Media XPrimm", Rumıniyanın PR şirkəti, www.abc.az və www.gun.az portalları foruma informasiya dəstəyi, "RAN Tour" turizm şirkəti isə təşkilati dəstək verir.

Xəbər lenti

Xəbər lenti