Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.Xəlilova/
Dünya Bankı (DB) ali təhsil sistemində islahatların aparılması və təkmilləşdirilməsi üzrə yeni layihənin həyata keçirilməsini Azərbaycanda təhsil sisteminin milli inkişaf strategiyası hazırlanana kimi təxirə salıb. Bu barədə DB-nin ölkədəki nümayəndəliyinin rəhbəri Cozef Ouen jurnalistlərlə görüşdə deyib.
"Biz layihənin texniki analizini başa vurmuşuq, lakin milli startegiyanın hazırlanmasını gözləmək istəyirik ki, onları əlaqələndirək. Beləliklə, biz ölkədə təhsil sisteminə yardımın göstərilməsinin ən yaxşı yollarını müəyyən edə bilərik", - Ouen bildirib.
DB nümayəndəliyinin rəhbərinin sözlərinə göər, layihənin həyata keçirilməsinə DB-nin belə layihələrin maliyyələşdirilməsi praktikasına əsasən, təxminən 30-40 milyon dollar ayrırmaq planlaşdırılır.
Hazırda DB Azərbaycanda təhsil sahəsində üç layihəni maliyyələşdirib. 5 milyon dollar məbləğində birinci kredit bank tərəfindən 1999-cu ildə ayrılıb. DB-nin Azərbaycanda təhsil sisteminin inkişafı üçün ikinci krediti bu sahədə 1999-cu ildən qüvvədə olan təhsildə islahatlar prqoramına əsaslanan sektorial islahatlara yönəldilib. Layihənin ümumi dəyəri 20,99 milyon dollardır. Bunun 18 milyon dolları DB-nin kreditinin payına düşür. Kredir mayın 27-də bankın Direktorlar Şurasında təsdiq edilib.
Üçüncü layihənin dəyəri 45,4 milyon dollar təşkil edir. Burada DB-nin kreditinin payına 25 milyon dollar düşür. Üçüncü kredit üzrə saziş 2008-ci ilin sentyabrında imzalanıb.
Bu layihələrin hamısı Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilib. Təhsil sisteminin gələcək maliyyələşdirilməsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə həyata keçiriləcək, belə ki, Azərbaycanın artıq BİA-nın vəsaitlərindən istifadə etmək hüququ yoxdur.
Azərbaycanın təhsil sistemində islahatların aparılması strategiyası 250 milyon dollar dəyərində qiymətləndirilir.
Ölkənin 1992-ci ildə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına və 1995-ci ildə Beynəlxalq İnkişaf Assosiasiyasına qoşulmasından sonra Dünya Bankının Azərbaycan qarşısında öhdəlikləri 43 layihə üçün təxminən 2,9 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın 1995-ci ildə qoşulmasından sonra IFC-nin öhdəlikləri 45 layihə üçün demək olar ki, 350 milyon ABŞ dollar təşkil edir.
Hazırda bank ümumi dəyəri orta hesabla iki milyon dollar olan 20 layihəni maliyyələşdirir. Bu layihələr nəqliyyat, su və kanalizasiya sektorunu, kənd təsərrüfatı və irriqasiyanı, səhiyyə və təhsili əhatə edir.