Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda nəqliyyatın intellektual idarə olunması sisteminin birinci mərhələsinin tətbiqi üzrə işlər cari ilin oktyabr-noyabr aylarında başa çatacaq. Sistem Bakı şəhərini əhatə edəcək. Trend-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin İqtisadiyyat və nəqliyyat siyasəti şöbəsinin rəhbəri Sədrəddin Məmmədov deyib.
Onun sözlərinə görə, Bakıda sistemin yaradılması üçün lazım olan bütün avadanlıq artıq ölkəyə gətirilib və hazırda onun quraşdırılması prosesi gedir. Sistemin istismara verilməsinin maksimal müddəti ilin sonuna nəzərdə tutulub.
"Sistem avtobus sürücülərinə nəzarəti də nəzərdə tutur. Bura sürücünün şəxsiyyətinin identifikasiyası, onun xarici görünüşünün tələblərə cavab verməsi daxildir", - Məmmədov qeyd edib.
Nəqliyyatın intellektual idarə olunması sistemi layihəsi onun fəaliyyət zonasının genişləndirilməsi imkanı ilə hazırlanır. Birinci mərhələdə intellektual sistem Bakı şəhərini, ikinci mərhələdə Abşeron yarımadasını, sonuncu mərhələ bütün respublikanı əhatə edəcək. Bütün 3 mərhələ həyata keçirildikdən sonra sistem Bakıdakı mərkəzdən idarə olunacaq.
Layihənin ilkin dəyəri 77 milyon dollar idi, lakin layihəyə əlavələr və dəyişikliklər edildikdən sona onun qiyməti 19 milyon dollar artıb.
Layihənin bahalaşması Nazirlər Kabinetinin "Terror aktlarının qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsi haqqında" qərarına uyğun olaraq sistemin əlavə funksiyalarının işlənib hazırlanması ilə əlaqədardır.
Dəyişikliklərin edilməsi nəticəsində videoaxınların və onların qeydiyyatının artırılması təmin edilib. Bundan başqa, informasiya terminallarının sayı 300-dən 664 ədədə çatdırılıb. İşlərin genişləndirilməsi çərçivəsində Bakının küçələrində quraşdırılması nəzərdə tutulan informasiya tablolarının sayı 20-dən 48 ədədə çatdırılıb.
Nazirlik nümayəndəsinin bir müddət əvvəl dediyinə görə, Bakı şəhərində nəqliyyatın intellektual idarə olunması sisteminin dəyəri 77 milyon dollardan 100 milyon dollaradək artıb.
Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140-a yaxın meydançanın yaradılması planlaşdırılır. Bu işlər yol polisi və intellektual sistemin hazırlanması prosesində iştirak edən Cənubi Koreya mütəxəssisləri ilə birgə aparılır.
İntellektual sistem 150-yə yaxın yeni elektron tipli işıqforun quraşdırılmasını nəzərdə tutur.