...

Bakı FAO ölkələrində kənd təsərrüfatı problemlərinin müzakirəsi mərkəzi olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2011 09:00 (UTC +04:00)
2012-ci il aprelin 17-19-da Bakıda BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 29-cu Avropa Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komitəsinin 37-ci sessiyası keçiriləcək.
Bakı FAO ölkələrində kənd təsərrüfatı problemlərinin müzakirəsi mərkəzi olacaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Axundov/

2012-ci il aprelin 17-19-da Bakıda BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 29-cu Avropa Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komitəsinin 37-ci sessiyası keçiriləcək.

Bu tədbirlərin keçirilməsi haqqında saziş çərşənbə axşamı Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və FAO-nun direktor müavini, Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional nümayəndəsi Fernanda Queryeri tərəfindən imzalanıb.

Abasovun sözlərinə görə, Azərbaycan hökuməti gələcəkdə də FAO ilə əlaqələri inkişaf etdirməyə hazırdır.

"Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycan FAO qarşısında özünün bütün öhdəliklərini, o cümlədən maliyyə öhdəliklərini yerinə yetirir", - Abasov deyib.

Queryerinin sözlərinə görə, Azərbaycan FAO-nun etibarlı tərəfdaşıdır.

"Bakıda keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana 54 ölkədən nümayəndələr gələcək", - o deyib.

FAO inkişaf etməkdə olan ölkələrə və iqtisadiyyatları keçid dövründə olan ölkələrə kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatı ilə bağlı metodları müasirləşdirmə və təkmilləşdirmədə kömək edir. Təşkil olunduğu 1945-ci ildən bəri təşkilat dünyanın aclıq problemi ilə üzləşən sakinlərinin 70 faizdən çoxunun yaşadığı kənd zonalarına xüsusi diqqət yetirir.

Təşkilata 191 üzv ölkə, iki assosiativ üzv və bir təşkilat - Aİ daxildir.

Xəbər lenti

Xəbər lenti