...

2011-ci ildə Yuxarı Qarabağ biznesi güzəştli kreditlərin ümumi həcminin 8 faizini mənimsəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2011 19:53 (UTC +04:00)
Cümə günü İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Ağdam və ətraf rayonların 35 sahibkarına 396 min manatlıq güzəştli kredit təqdim olunub.
2011-ci ildə Yuxarı Qarabağ biznesi güzəştli kreditlərin ümumi həcminin 8 faizini mənimsəyib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Ağdam və ətraf rayonların 35 sahibkarına 396 min manatlıq güzəştli kredit təqdim olunub. Trend-in məlumatına görə, bu barədə İİN-in cümə günü yaydığı məlumatda deyilir.

Məlumatda göstərilir ki, bu vəsait hesabına həyata keçiriləcək layihələr təxminən 50 yeni iş yerinin açılmasına kömək edəcək. Tədbir Ağdam rayonu Quzanlı qəsəbəsində Yuxarı Qarabağda işləyən təxminən 150 sahibkarın iştirakı ilə keçirilib.

Tədbirdən çərçivəsində əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Bərdə rayonunda "Rəşad" İKF-nin illik istehsal gücü 6,8 min ton olan çörək məhsulları istehsalı müəssisəsində, "RVR LTD" MMC-nin illik istehsal gücü 5,4 min ton olan ət kəsimi müəssisəsində və tutumu 5 min ton olan müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə, Ağdam rayonunda "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin illik istehsal gücü 3,4 min ton süd olan 450 başlıq cins iribuynuzlu müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.

Tədbirdə Ağdam rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan istiqamətlər üzrə - soğan saxlanılması üçün 5 min tonluq müasir soyuducu anbar kompleksinin, gündəlik istehsal gücü 5 ton olan müasir çörək istehsalı müəssisəsinin və müasirtexnologiyaların tətbiqi ilə tərəvəz (pomidor) məhsullarının emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

2011-ci ildə Fond 1233 sahibkara ümumi məbləği 103,6 milyon manat olan güzəştli kredit verib. Bu kreditlər 5013 yeni iş yerinin açılmasına şərait yaradır.

SKMF Yuxarı Qarabağın 547 sahibkarına 8,7 milyon manatlıq kredit verib ki, bu, artıq 1411 yeni iş yerinin açılması deməkdir.

2010-cu ildə Fond 1430 sahibkara ümumi dəyəri 115 milyon manat olan güzəştli kredit verib. Bunun 99,8 faizi ölkə regionlarına aiddir. Bu kreditlər təxminən 5600 yeni iş yerinin açılmasına kömək edəcək. 2011-ci ildə fond 125 milyon manatlıq güzəştli kredit ayırmağı planlaşdırır.

Sentyabrın 23-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti