...

Azərbaycan və Avstriya sosial sahədə əməkdaşlığın istiqamətlərini müəyyən ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 15:44 (UTC +04:00)
Azərbaycan sosial sahədə nisbətən daha qabaqcıl dünya təcrübəsini öyrənir və tətbiq edir, bununla əlaqədar Avstriyanın bu sahədə böyük təcrübəsi maraq doğurur.
Azərbaycan və Avstriya sosial sahədə əməkdaşlığın istiqamətlərini müəyyən ediblər

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan sosial sahədə nisbətən daha qabaqcıl dünya təcrübəsini öyrənir və tətbiq edir, bununla əlaqədar Avstriyanın bu sahədə böyük təcrübəsi maraq doğurur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Avstriyanın əmək, sosial məsələlər və istehlakçıların müdafiəsi naziri Rudolf Hundstorferlə görüşdə bildirib.

Avstriya Prezidenti Haynts Fişerin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 11-dən Bakıdadır.

Hundstorfer bu sahədə təcrübəni bölüşməyə hazır olduqlarını bildirib. Onun fikrincə, buna keçirilən müntəzəm görüşlər və fikir mübadiləsi yardım edə bilər.

Tərəflər məşğulluq siyasəti və əmək bazarı proqramı, əhalinin müxtəlif təbəqələrinə müxtəlif yardımların göstərilməsi, əlillik siyasəti, əlillərin sosial-tibbi problemlərinin həlli, əlilliyin qiymətləndirilməsi və s. çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşdə qarşılıqlı anlaşma memorandumunun hazırlanması və imzalanmasının vacibliyi qeyd olunub.

Görüşün yekunları üzrə protokol imzalanıb. Sənəddə sadalanan əməkdaşlıq sahələri ilə yanaşı, iki ölkənin ekspertlərinin qarşılıqlı səfərlərinin, müxtəlif beynəlxalq təşkilatların həyata keçirdikləri müxtəlif proqramlar çərçivəsində birgə seminar və konfransların keçiriliməsi, əməkdaşlığın yollarının müəyyən edilməsinin məqsədəuyğunluğu da qeyd olunub.

Hundstorferin sözlərinə görə, hazırda Avstriyada 150 azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti