Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir N.İsmayılova/
2011-ci ilin üç rübü ərzində Azərbaycanda təxminən 600 dövlət müəssisəsi və obyekt, həmçinin təxminən 410 obyektin yerləşdiyi torpaq sahələri özəlləşdirilib. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov son doqquz ayın yekunlarına həsr edilmiş kollegiya iclasında deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı komitənin yaydığı məlumatda qeyd olunur.
Onun sözlərinə əsasən, 2011-ci ildə ötən il özəlləşdirilən dövlət müəssisələrinə 100 milyon manat sərmayə qoyulub.
"Hesabat dövründə təxminən 50 qeyrı-yaşayış sahəsi icarəyə verilib, həmçinin 600 obyektin icarə müqavilələrinin müddəti uzadılıb. İcarə ödənişləri üzrə borcları olan 500-dən çox icarədara xəbərdarlıq göndərilib", - Həsənov deyib.
Bundan əlavə, yanvar-sentyabrda torpaq sahələrinin icarəsi ilə bağlı təxminən 300 yeni müqavilə bağlanıb. 120 müəssisə və obyektdə aparılan monitorinqin nəticəsində dövlət əmlakının qanunsuz mənimsənilməsi, tikinti və yenidənqurma işlərinin aparılması faktları aşkarlanıb.
Həsənovun sözlərinə görə, oktyabrın 1-nə olan məlumata əsasən, reyestrdə hüquqi statusda 6400 dövlət müəssisəsi və 133 min ədəd daşınmaz əmlakla 6000 filial barədə məlumatlar qeydə alınıb.
Oktyabrın 18-ə olan rəsmi valyuta məzənnəsi 0,7869 AZN/USD təşkil edir.