Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Axundov/
Bazar ertəsi Azərbaycanın su operatoru "Azərsu" ASC-nin yeni mərkəzi laboratoriyası binasının təməlqoyma mərasimi keçirilib.
"Laboratoriyanın inşasında məqsəd yeni su mənbələrinin aşkar edilməsi, istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri üzərində daimi nəzarət, eləcə də suyun tərkibinin müasir standartlara uyğunluğunun öyrənilməsidir", - Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirilən təməlqoyma mərasimində jurnalistlərə "Azərsu"nun sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, ümumi sahəsi 1800 kvadrat metr olan laboratoriya binasının tikintisi səkkiz ay ərzində başa çatacaq.
Laboratoriya ən qabaqçıl texnologiyalarla təchiz ediləcək.
"Hazırkı mərkəzi laboratoriya içməli suyun 30-a yaxın parametrini öyrənməyə imkan verirsə, yeni laboratoriya istismara verildikdən sonra bu göstəricilərin sayını 75-dək artırmaq mümkün olacaq", - Hüseynov deyib.
Onun sözlərinə görə, laboratoriyanın tikintisinə 4 milyon manat vəsait sərf olunacaq.
Oktyabrın 24-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.