Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktor müavini Alena Nesporovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüşdə nazir son səkkiz ildə Azərbaycanda 950 min yeni iş yerinin yaradıldığını, işsizlik səviyyəsinin 5,5 faizə düşdüyünü, xüsusən gənclər arasında işsizliyin digər ölkələrlə müqayisədə aşağı olduğunu qonaqların diqqətinə çatdırıb.
Ələkbərov bildirib ki, hazırda ölkədə layiqli əməyin təminatı sahəsində mühüm işlər görülür, bununla əlaqədar respublika səviyyəsində muxtəlif tədbirlər, "dəyirmi masa"lar təşkil olunur, effektiv iş görülür və digər sahələrdə olduğu kimi, qeyd olunan sahədə də Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq daim genişlənir. Bunun daha bir bariz ifadəsi kimi Bakıda "Layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu: müasir yanaşmalar və prioritetlər" mövzusunda beynəlxalq konfrans keçirilir və həmin konfransın layiqli əməyin təminatı ilə bağlı dünya təcrübəsinin öyrənilməsində mühüm rol oynayır.
Beynəlxalq Əmək Təşkilatının Avropa Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktor müavini Alena Nesporova bildirib ki, BƏT bu ilin sonuna kimi Azərbaycana məşğulluq siyasəti üzrə təkliflər paketi təqdim edəcək. Gələn il isə Azərbaycanda əmək bazarının təhlili üçün sorğu keçiriləcək. BƏT-in Məşğulluq xidmətləri, Bacarıqlar və işədüzəltmə imkanları departamentinin baş mütəxəssisi Donna Koeltz isə ölkəmizdə layiqli əməyin təminatında qabaqcıl dünya təcrübəsindən istifadə edilməsi sahəsində görülən işlərin təqdirəlayiq olduğunu vurğulayıb və bu sahədə bütün lazımi köməklikləri göstərməyə hazır olduqlarını bildirib.