Azərbaycan, Bakı, 1 noyabr /Trend/
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dünya Bankı ilə birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı" layihəsinin "Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə İnformasiya və İdarəetmə Sisteminin yaradılması" tapşırığı çərçivəsində dünya ölkələrinin müvafiq təcrübəsi öyrənilir. Bu barədə Trend-ə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu məqsədlə layihənin ƏƏSMN və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mütəxəssislərindən ibarət işçi qrupunun üzvləri və icraçılarından təşkil olunmuş heyət Macarıstanda təlim səfərində olub. Səfər Macarıstan Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti, xüsusilə də təşkilatın informasiya və idarəetmə sistemi üzrə qabaqcıl təcrübəsi ilə əyani tanışlıq və bu təcrübənin Azərbaycanda tətbiqi imkanlarının araşdırılması məqsədini daşıyıb.
Heyət Macarıstanın Milli İqtisadiyyat Nazirliyi, Macarıstan Dövlət Məşğulluq Xidmətinin Baş İdarəsi, Baç-Kişkun regionu üzrə Regional Məşğulluq Xidməti Mərkəzi və Varpolata rayonunun Yerli Məşğulluq Xidməti Mərkəzində, Sekeşfexervar şəhərindəki Peşə Təlimi Mərkəzində olaraq, səmərəli görüşlər keçirib.
Görüşlərdə Macarıstanın adıgedən təşkilatı strukturu və vəzifələri, həyata keçirdikləri siyasət, bu qurumların qarşılıqlı və sosial tərəfdaşlarla əməkdaşlığı, ölkənin əmək bazarındakı vəziyyət və problemlər, işsizliklə mübarizə üçün tətbiq olunan Aktiv Əmək Bazarı proqramları, bu siyasətlərin hazırlanması və tətbiqi üçün təşkilati, hüquqi, maliyyə mexanizmləri, bu siyasətlərin icrasına sosial tərəfdaşların cəlb olunması, Aktiv Əmək Bazarı siyasətlərinin və ümumi fəaliyyətin icrasının keyfiyyətinə nəzarət və montorinq sistemi haqqında Azərbaycan nümayəndə heyətinə geniş məlumat verilib. Eyni zamanda, Macarıstan təcrübəsinin Azərbaycanda mümkün tətbiqinə dair ətraflı müzakirələr aparılıb.