...

Azərbaycan Avropa Məşğulluq Forumunda təmsil olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2011 16:55 (UTC +04:00)
Noyabrın 21-də Belçikanın paytaxtı Brüssel şəhərində sosial müdafiə proqramları, əmək bazarında aparılan islahatların istiqamətləri, rəqabətədavamlı kadr hazırlığı, layiqli əməyin təminatı məsələlərinə həsr olunmuş Avropa Məşğulluq Forumu öz işinə başlayıb.
Azərbaycan Avropa Məşğulluq Forumunda təmsil olunur

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Noyabrın 21-də Belçikanın paytaxtı Brüssel şəhərində sosial müdafiə proqramları, əmək bazarında aparılan islahatların istiqamətləri, rəqabətədavamlı kadr hazırlığı, layiqli əməyin təminatı məsələlərinə həsr olunmuş Avropa Məşğulluq Forumu öz işinə başlayıb. İki gün davam edəcək tədbirdə Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Forumda Azərbaycan nümayəndə heyəti "Məşğulluq - yoxsulluqdan çıxış vasitəsi kimi" mövzusunda məruzə ilə çıxış edəcək və ölkəmizdə sosial-iqtisadi inkişaf, son illər ərzində əldə olunmuş nailiyyətlər barədə məlumat verəcəklər. Eyni zamanda, konfrans iştirakçıları respublikamızda həyata keçirilən sosial müdafiə proqramlarının səmərəliliyi, əmək bazarında aparılan islahatların istiqamətləri, kadrların keyfiyyətinin artırılması, layiqli əməyin təmin olunması ilə bağlı təşəbbüslər barədə ətraflı məlumatlandırılacaq.

Forum çərçıvəsində keçirilən sərgidə isə məşğulluq siyasəti və ümumiyyətlə, əmək bazarı ilə bağlı ayrı-ayrı ölkələrin təqdimatları, o cümlədən Azərbaycanın mədəni, iqtisadi və digər sahələrdə əldə etdiyi uğurları əks etdirən çap materialları və videogörüntülər nümayiş olunacaq. Sərgidə əmək bazarının təkmilləşdirilməsi ilə bağlı bir çox istiqamətləri əhatə edən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Sosial müdafiənin inkişafı" layihəsi də təqdim ediləcək. Layihə çərçivəsində əməkdaşlığa cəlb olunmuş beynəlxalq və yerli ekspert qrupu da Forum iştirakçıları sırasındadır.

Bu il Avropa Məşğulluq Forumunda Avstriya, Belçika, Böyük Britaniya, Çexiya, Finlandiya, Fransa, İsveç, İtaliya, Polşa, Rumıniya, Rusiya, Sloveniya, Yeni Zelandiya və digər ölkələr təmsil olunur.

Xəbər lenti

Xəbər lenti