Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf, əhali gəlirlərinin artımı xarici ölkələrə istirahətə gedən vətəndaşlarımızın sayının çoxalmasına imkan yaradır. Trend-in məlumatına görə, bu barədə "Atəşgah" SŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Məhz bu şəraitdə xaricə gedənlərin sığorta polisinə (travel insurance) böyük ehtiyac duyulur.
Bu cür sığorta polisinin əldə edilməsi sığorta olunan şəxsə gözlənilməz vəziyyət yarandıqda, zəruri müdafiəyə və xarici ölkələrdə tibbi xidmətlərin bahalı olduğunu nəzərə alaraq, bu xidmətlərdən faydalanmağa təminat verir.
Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti xaricə gedənlərin sığortası çərçivəsində bir sığorta hadisəsi üzrə 30 min avro məbləğində ən iri ödəniş həyata keçirib.
Sığorta məbləğinə əsasən fiziki şəxs "Atəşgah" Sığorta Şirkətində sığortanın qeyd edilən növü üzrə polis əldə edib və İsveçə qohumlarının yanına gedib. Xarici ölkədə olduğu müddət ərzində sığortalanmış şəxsin səhhəti kəskin pisləşib, o xəstəxanaya yerləşdirilib və burada lazımi tibbi yardım alıb.
Müalicənin nəticəsinə görə, "Atəşgah" Sığorta şirkəti müştərinin müalicəsinə xərclərin ödənilməsi üçün klinikaya 30 000 avro ödəyib.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" SŞ, "Atəşgah Həyat" SŞ və "İntermed" Tibb Klinikası "Atəşgah" Sığorta Qrupuna daxildir.
2010-cu ilin nəticələrinə əsasən "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində Qrupun sığorta haqları 15,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
Noyabrın 22-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.