Azərbaycan, Bakı, 29 noyabr /Trend müxbir E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakıda Heydər Əliyev prospekti ilə "8-ci kilometr" qəsəbəsi istiqamətində gedən körpüdə betonlama və izolyasiya işlərini başa çatdırıb. Bu barədə çərşənbə axşamı Trend-ə SC-nin mətbuat katibi Pünhan Mürsəlov məlumat verib. Körpü "Məşədi Əzizbəyov" metrostansiyasının yaxınlığında yerləşir.
Onun sözlərinə görə, körpüdə betonlama və izolyasiya işləri tamamilə başa çatdırılıb və hazırda asfalt örtüyünün salınması həyata keçirilir.
"Körpü ilə hərəkəti tam bərpa etmək üçün hazırda fəal iş aparılır" , - Mürsəlov qeyd edib.
Onun sözlərinə görə, körpü ilə hərəkəti bir neçə günə, maksimum bu həftənin sonuna qədər tam bərpa etmək planlaşdırılır. Körpüdə işin bir az ləngiməsi Bakıda əvvəllər müşahidə edilən qarın yağması və yolların buz bağlması ilə bağlıdır.