Gürcüstan, Tbilisi, 20 dekabr / Trend, müxbir N.Kirsxaliya /
Çərşənbə axşamı Tbilisinin "Tbilisi Marriott" mehmanxanasında Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının 7-ci iclası keçiriləcək. Gürcüstan İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, komissiyanın işində Azərbaycan və Gürcüstanın Baş nazirləri Artur Rasizadə və Nika Qilauri iştirak edəcəklər.
Gürcüstanın xarici işlər naziri Nino Kalandadzenin dediyinə görə, hökumətlərarası komissiyanın iclasında Azərbaycan və Gürcüstanın iqtisadi əməkdaşlığının bəzi məsələlərinə baxılacaq. Bu məsələlər energetika, kənd təsərrüfatı, nəqliyyat, ətraf mühitin mühafizəsi, informasiya texnologiyaları və başqalarıdır.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstan üçün bir nömrəli ticarət tərəfdaşıdır.
"Gürcüstanın və Azərbaycanın müsbət iqtisadi dövriyyəsi var və biz istəyirik ki, gələcəkdə ölkələrimiz arasında iqtisadi münasibətlər daha da intensivləşsin", - Kalandadze bildirib.