...

Azərbaycanda ünvanlı sosial yardım müraciətlərinin yeni mexanizmləri tətbiq edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2012 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda və ölkənin 14 şəhər və rayonunda ünvanlı sosial yardım (ÜSY) üçün alternativ müraciət mexanizmlərinin tətbiq edilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirlikdə baş tutan seminarda nazir müavini İlqar Rəhimov deyib.

"Bu gün əsas məqsəd bu mexanizmlərin tətbiq edilmə coğrafiyasını genişləndirməkdir. İlin başlanğıcından biz onları Bakının 11 və ölkənin 14 rayonunda tətbiq edirik və ilin sonuna qədər bütün ölkəni əhatə etməyi planlaşdırırıq", - Rəhimov bildirib.

Onun sözlərinə görə, yeni mexanizmlərin sınaqdan keçirilməsi üzrə işlər 2011-ci ilin avqustundan etibarən pilot rayonlar olan Balakən və Cəlilabadda başlayıb. Bu mexanizmlərin tətbiqinin məqsədi ÜSY proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılmasıdır.

Onun sözlərinə görə, sınaq işlərində əldə edilmiş müsbət təcrübə bu sahədə işlərin ölkənin digər bölgələrində də davam etdirilməsinə əsas verir.

Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm onlayn rejimdə, həm də poçt idarələri vasitəsilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir. Hazırda bu vətəndaşlar üçün SMS-bildiriş xidmətlərinin tətbiq edilməsi üzrə işlər aparılır. Həmin vətəndaşlar həm müraciətlərin baxılması, həm də hər ÜSY ödənişi haqqında məlumatlandırılacaq. Nazirlik artıq ölkənin mobil operatorları ilə müvafiq danışıqlar aparır.

"Belə ki, bütün əhalinin bizə elektron formada müraciət etmək imkanı var, biz, həmçinin poçt vasitəsilə müraciətlərin qəbuluna başlamışıq. Pilot layihələr göstərdi ki, bu praktika müsbət nəticələr verir" , - o qeyd edib.

Çərşənbə günü Əmək Nazirliyi və "Azərpoçt" MMC-nin nümayəndələrinin iştirakı ilə ÜSY üçün alternativ müraciət mexanizmlərin tətbiq edilməsinə həsr edilmiş seminar keçirilib.

Xəbər lenti

Xəbər lenti