Azərbaycan, Bakı, 14 yanvar /Trend/
Yanvarın 20-29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2012" ("International Green Week 2012") sərgisi keçiriləcək.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bu il Azərbaycanın 5-ci dəfə iştirak edəcəyi sərgidə ölkəmiz 20-dən çox şirkətlə təmsil olunacaq.
Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 300 çeşiddən çox müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdiriləcək. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar və disklər paylanacaq.
"Beynəlxalq Yaşıl Həftə - 2012" sərgisi çərçivəsində müxtəlif təqdimatların da keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən alman və azərbaycan iş adamlarının iştirakı ilə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat da keçiriləcək, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat veriləcək.
Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 50-dən artıq ölkəsindən 1500-dən çox müəssisənin iştirak etdiyi sərgi yarım milyondan artıq insan tərəfindən ziyarət olunur. Ümumi sahəsi 160 min kvadratmetr olan "Beynəlxalq Yaşıl Həftə" sərgisinə hər il dünyanın 70 ölkəsindən 5000-dən çox media nümayəndəsi də qatılır.