Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Naxçıvan avtomobil zavodu 2012-ci ildən istehsalına başlanılan "Lifan" markalı ilk yolsuzluq avtomobillərinin fotolarını təqdim edib. Bu barədə cümə günü Trend-ə NAZ-ın direktoru Musa Abdullayev bildirib.
Bu il Avro-3 standartlarına uyğun 1000 avtomobilin yığılması planlaşdırılır. Yeni avtomobillərin qiymətinin 14-15 min manat olacağı ehtimal edilir. Mühərrikin gücü 1800 kubsantimetr təşkil edir.
Naxçıvan avtomobil zavodunun tikintisinə 2008-ci ildə başlanılıb və bu il yanvarın 11-də istismara verilib.
2009-cu ilin mayında Pekində keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində NAZ-la Chongqing Lifan Industry (Group) Imp.& Exp.Co.,Ltd. Korporasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilə Naxçıvanda "Lifan" markalı minik avtomobillərinin yığımını nəzərdə tutur.
Yanvarın 23-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.